Hakan Fidan gündəmdəki aktual məsələlərə münasibət bildirib

Yanvarın 29-da "Əl-Cəzirə" telekanalına müsahibə verən nazir Körfəz ölkələri arasındakı təhlükəsizlik əməkdaşlığının qarşısında duran əsas maneənin "etimadsızlıq" olduğunu qeyd edib

By
Hakan Fidan gündəmdəki aktual məsələlərə münasibət bildirib / AA

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə təhlükəsizliyin çəkindirmə siyasəti ilə deyil, qarşılıqlı etimada əsaslanan mexanizmlərlə təmin edilməli olduğunu bildirib. O, vurğulayıb ki, regionda davamlı sabitliyə və əhatəli əməkdaşlığa yalnız hər hansı bir gücün dominantlığının qarşısını almaqla nail olmaq mümkündür.

Yanvarın 29-da "Əl-Cəzirə" telekanalına müsahibə verən nazir Körfəz ölkələri arasındakı təhlükəsizlik əməkdaşlığının qarşısında duran əsas maneənin "etimadsızlıq" olduğunu qeyd edib. Hakan Fidan region ölkələrinin Avropa İttifaqı modelinə bənzər bir məsuliyyətlə bir araya gələ biləcəyini diqqətə çatdıraraq deyib: "Avropa İttifaqının öz strukturunu sıfırdan necə qurduğuna baxın. Biz bunu niyə edə bilməyək?" - deyə sual edib.

Səudiyyə Ərəbistanı ilə Pakistan arasındakı müdafiə paktı və Türkiyənin bu ittifaqa qoşulma ehtimalı barədə danışan nazir bölgədə yaradılan hər hansı bir hərbi-siyasi paktın daha genişmiqyaslı və əhatəli olmasının vacibliyini xüsusi vurğulayıb.

Suriya məsələsinə toxunan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın atəşkəs prosesini asanlaşdırmaq üçün bütün imkanlarından istifadə etdiyini bildirib. Nazir qeyd edib ki, hazırda davam edən atəşkəs ABŞ qüvvələrinə DEAŞ əsirlərini Suriyadan İraqa təhlükəsiz şəkildə köçürmək imkanı yaradır və hər kəs bu prosesə dəstək verməlidir.

Fidan Türkiyənin bu məsələdə amerikalılarla koordinasiyalı şəkildə çalışdığını vurğulayaraq, tərəflər arasındakı sıx ünsiyyətin atəşkəsin pozulmaması üçün həyati əhəmiyyət kəsb etdiyini deyib.

Xarici işlər naziri YPG/SDG terror təşkilatı ilə Dəməşq administrasiyası arasında əldə edilən razılaşmanı da şərh edib. O, bu addımı çox mənalı və vacib hesab etdiyini bildirərək deyib: “Prinsip etibarilə, tərəflərin kimliyindən asılı olmayaraq, müəyyən prinsiplər üzərində əldə olunan hər hansı bir razılaşmanı Türkiyə olaraq dəstəkləyirik”.

Hakan Fidan həmçinin bildirib ki, Ankaranın öz təhlükəsizliyi ilə bağlı konkret narahatlıqları və dəyişməz "qırmızı xətləri" mövcuddur. Nazirin sözlərinə görə, Dəməşq administrasiyası YPG ilə razılığa gələrkən Türkiyənin bu həssaslıqlarını ümumilikdə nəzərə alıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan YPG-nin əslində PKK terror təşkilatının Suriyadakı qolu olduğunu diqqətə çatdıraraq bu təşkilatın Suriya, İraq, İran və Türkiyədə dörd fərqli qolla fəaliyyət göstərdiyini bildirib.

Suriyadakı kürd əhalisinə böyük dəyər verdiklərini və onlara ədalətli münasibət göstərilməsinin vacibliyini qeyd edən nazir deyib: "PKK keçmişdə yüzlərlə insanı səfərbər edərək Suriyadakı SDG sıralarına qatıb. Onlar suriyalı deyillər, lakin hazırda Suriya ərazisindədirlər. Bu şəxslərin yeganə məqsədi Türkiyənin milli təhlükəsizlik maraqlarına zərər verməkdir və biz bunun artıq sona çatmasını istəyirik."

Hakan Fidan dünya ictimaiyyətinin diqqətindən qaçan mühüm bir məqama da toxunub. O, bildirib ki, SDG-nin nəzarətindəki ərazilər təkcə PKK elementləri üçün deyil, həm də Türkiyədən olan solçu ünsürlər üçün təhlükəsiz sığınacağa çevrilib. Nazirin sözlərinə görə, həmin ərazilərdə Türkiyə əleyhinə fəaliyyət göstərən təxminən 300 silahlı solçu element var: "Onların yeganə vəzifəsi türk hərbi və təhlükəsizlik qüvvələrinə hücum etmək üçün fürsət axtarmaqdır. Biz onların hamısını tanıyırıq və onlar da bunu bilirlər. Bu vəziyyət mütləq dəyişməlidir’’.

Məsələnin həlli yolları barədə danışan nazir suveren və unitar dövlət prinsiplərini xatırladıb. "Suveren bir dövlətdə iki fərqli ordu ola bilməz. Vahid hakimiyyət tərəfindən idarə olunan tək bir ordu olmalıdır. Polis qüvvələri və digər yerli idarəetmə məsələləri Dəməşq ilə SDG arasında tənzimlənə bilər’’,-deyə Hakan Fidan vurğulayıb.

Qeyd edək ki, Türkiyə beynəlxalq müstəvidə YPG-ni PKK terror təşkilatının Suriya qolu olaraq tanıyır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan keçmişdə Ankara və Vaşinqton arasında gərginlik mövzusu olan Suriya məsələsinə toxunaraq ABŞ prezidenti Donald Trampın xarici siyasətdəki fəaliyyətini yüksək qiymətləndirib. Nazir Trampın Qəzzada atəşkəsə nail olmaq və Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq istiqamətində göstərdiyi səylərə diqqət çəkib.

Suriya ilə bağlı məsələlərdə Türkiyə və ABŞ-ın mövqelərinin əsasən üst-üstə düşdüyünü qeyd edən Hakan Fidan deyib: “Tramp administrasiyası yeni Suriya hökumətinin daxili problemlərini həll edərək beynəlxalq birliyin məsuliyyətli üzvünə çevrilməsini istəyir. Görünən odur ki, Dəməşq hökuməti beynəlxalq və regional ictimaiyyətin tələblərinə kifayət qədər müsbət cavab verir”.

Nazir həmçinin son 14 ildə regionun və dünyanın iki böyük problemlə – kütləvi miqrasiya və terror təşkilatları ilə üzləşdiyini, milyonlarla suriyalının ev-eşiyini tərk etmək məcburiyyətində qaldığını xatırladıb.

Suriya Prezidenti Əhməd Şəranın Vaşinqtona səfərinə və Suriyanın DEAŞ-a qarşı Beynəlxalq Koalisiyaya qoşulmasına dair imzalanmış sazişə də toxunan Hakan Fidan bu addımın Dəməşqin beynəlxalq strukturlara inteqrasiyası baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir ABŞ, Dəməşq və YPG arasında vaxtaşırı fikir ayrılıqlarının yaşandığını etiraf etsə də, mövcud problemlərin həlli üçün hərtərəfli danışıqların davam etdiyini bildirib.

Fələstin məsələsinə toxunan Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza üzrə sülh planının mühasirə altındakı bölgədə böhranı həll etmək məqsədilə irəli sürüldüyünü bildirib. Nazir bu prosesin təməlinin ötən ilin sentyabrında Nyu-Yorkda qoyulduğunu xatırladıb. O, həmin vaxt səkkiz müsəlman ölkəsinin liderinin Donald Trampla görüşərək soyqırımı dayandırmaq yollarını müzakirə etdiklərini bildirib.

"İnanırıq ki, Sülh Şurası Qəzza gündəmini real nəticələrlə irəli apara biləcəyimiz ən uyğun platformadır", - deyən Hakan Fidan bu təşəbbüsün davamlı fikir mübadiləsi, yeni təsisatların yaradılması və ortaq razılaşmalar vasitəsilə inkişaf etdiyini qeyd edib.

Hakan Fidan rəsmi Ankaranın əsas hədəfinin Qəzzadakı sülh prosesinə həm humanitar, həm hərbi, həm də siyasi müstəvidə mümkün olan maksimum töhfəni vermək olduğunu vurğulayıb.

Türkiyənin bu məsələdəki qətiyyətli mövqeyini bir daha xatırladan nazir bildirib ki, müharibə dayandırılmadığı və Qəzzaya humanitar yardımın maneəsiz daxil olmasına şərait yaradılmadığı müddətcə Türkiyə İsraillə ticarət əlaqələrini bərpa etməyəcək.

Hakan Fidan deyib: "Bizim problemimiz İsrail dövlətinin özü ilə deyil, onun regiondakı siyasəti, xüsusilə fələstinlilərə qarşı tutduğu mövqe və Qəzzada törədilən son soyqırımla bağlıdır".

‘‘Həmas’’ın gələcəkdə tərksilah edilməsi və razılaşmaların icrası ilə bağlı sualı cavablandıran Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, tərəflər arasındakı güc balansı kəskin şəkildə fərqlidir. Nazir qeyd edib ki, ABŞ-dan hərbi dəstək alan İsrail qarşısında müqavimət hərəkatı heç vaxt hərbi çəkindirmə gücünə malik olmayıb.

Hakan Fidan ‘‘Həmas’’ın Qəzzada yerli təhlükəsizliyi təmin etmək imkanlarına toxunaraq deyib: “Həmas-ın təhlükəsizlik qüvvələri Qəzzanı idarə etmək, yerli asayişi və polis xidmətlərini həyata keçirmək üçün kifayət idi. Lakin İsrailə gəldikdə, o, həmişə istədiyi vaxt hərbi əməliyyatlar keçirmək imkanında olub və hazırda da bu mövqeyini qoruyur”.

Türkiyənin Qəzzada yaradılacaq beynəlxalq qüvvələrdə iştirakı məsələsinə də aydınlıq gətirən nazir, bu qərarın hərtərəfli danışıqlardan asılı olduğunu vurğulayıb. O, xatırladıb ki, Türkiyə həm Sülh Şurasının, həm də Qəzza üzrə milli komitənin bir hissəsidir.

Hakan Fidan deyib:“Biz Misir, Qətər və ABŞ ilə birlikdə vasitəçilik qrupunun əsas üzvləriyik. Hazırkı mövqeyimiz Qəzzada sülh prosesinə humanitar, hərbi və ya siyasi müstəvidə hər cür töhfə verməkdir. Əgər ehtiyac duyularsa və xahiş olunarsa, Türkiyə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə hərbi dəstək verməyə hazırdır”.

İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarını şərh edən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Təl-Əvivin əsas məqsədi Tehranın mühüm hərbi potensialını zəiflətməkdir. Lakin nazir İsrailin bu yolla İranda rejim dəyişikliyinə nail ola biləcəyinə şübhə ilə yanaşdığını qeyd edib.

İrana hücum etməyin və regional müharibəni yenidən alovlandırmağın yanlış addım olacağını vurğulayan Hakan Fidan Tehranın nüvə proqramı ilə bağlı yenidən danışıqlara hazır olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, ABŞ tərəfi nüvə məsələsindən başlayaraq mövcud problemləri mərhələli şəkildə həll etmək yolunu seçməlidir.

Hakan Fidan həmçinin İran rəhbərliyinə ölkə daxilindəki müxtəlif ideoloji qruplar və sistemlərlə effektiv əməkdaşlıq yollarını tapmağı tövsiyə edib.

Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli yollarından danışan Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəflərin sülh müqaviləsinə hər zamankindən daha yaxın olduqlarını bildirib. Nazir bu prosesdə Türkiyənin vasitəçilik rolunun əhəmiyyətini xüsusi vurğulayıb.

Hakan Fidanın sözlərinə görə, əldə olunacaq razılaşma sadəcə iki ölkə ilə məhdudlaşmayacaq: “Rusiya ilə Ukrayna arasındakı hər hansı sülh müqaviləsi həm də Rusiya ilə Avropa arasında sülh deməkdir. Bu razılaşma Rusiya ilə ABŞ, eləcə də Rusiya ilə Avropa arasındakı iqtisadi və ticarət münasibətlərini yenidən formalaşdıracaq”.

NATO-nun gələcəyinə və regional təhlükəsizliyə də toxunan nazir Avropa ölkələrini öz müdafiə qabiliyyətlərini artırmağa çağırıb. O, NATO-nun hələ də “əsas təhlükəsizlik çərçivəsi” olaraq qaldığını qeyd edib.

“Təklifimiz ondan ibarətdir ki, bəlkə də Böyük Britaniya, Türkiyə və digər böyük Avropa dövlətləri bir araya gələrək yeni Avropa təhlükəsizlik arxitekturasını müzakirə etməlidirlər. Bu müzakirələr bizim dayanıqlığımızı, gücümüzü və çəkindirmə qabiliyyətimizi artıracaq keyfiyyətli addımların müəyyən edilməsinə xidmət edə bilər”,-deyə Hakan Fidan vurğulayıb.