Ərəb Liqasının baş katibi İranın üzv ölkələrə hücumlarını qətiyyətlə pisləyib

Baş katib Əhməd Əbül Qeyt İranın Körfəz regionunda ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrə qarşı hücumları sonlandırmağa çağırıb

By
Ərəb Liqasının baş katibi İranın üzv ölkələrə hücumlarını qətiyyətlə pisləyib / Reuters Archive

Qahirədən keçirilən ərəb ölkələrinin xarici işlər nazirlərinin təcili videokonfrans iclasında çıxış edən Ərəb Liqasının baş katibi Əhməd Əbül Qeyt İranın bəzi üzv ölkələrə qarşı hücumlarını “məsuliyyətsiz” adlandıraraq Tehran rəhbərliyini bu mövqedən geri dönməyə çağırıb. Törədilən bu hücumların heç bir əsas və ya bəhanə ilə haqq qazandırıla bilməyəcəyini bildirən Əbül Qeyt rəsmi Tehranın Körfəz ölkələrinin sülh səylərinə xain raket və pilotsuz uçuş aparatları hücumları ilə cavab verdiyini deyib.

Əbül Qeyt bildirib ki, ərəb ölkələri davam edən müharibənin tərəfi olmadıqlarını və ərazilərinin və ya hava məkanlarının hücum başlatmaq üçün istifadə edilməsinə icazə verməyəcəklərini açıq şəkildə bəyan ediblər.

O, həmçinin Omanla yanaşı Qətər və Misir kimi ölkələrin ABŞ ilə İran arasında aparılan nüvə danışıqları çərçivəsində bütün regionu, o cümlədən İranı müharibənin dağıdıcı nəticələrindən qorumaq üçün səmimi və ciddi səylər göstərdiklərini bildirib.

 

İran cavabın davam edəcəyini bildirir

ABŞ və İsrailə məxsus hədəflərə qarşı Körfəz regionu boyunca İranın cavab hücumları hələ də davam edir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn yeni hücumların qeydə alındığını açıqlayıb.

Küveyt Daxili İşlər Nazirliyi sərhəddə xidmət aparan iki sərhəd mühafizəçisinin həlak olduğunu bildirib. Ordu isə ölkənin beynəlxalq hava limanındakı yanacaq çənlərinin pilotsuz uçuş aparatı hücumu ilə hədəf alındığını açıqlayıb.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi paytaxt ər-Riyadda yerləşən diplomatik əraziyə yönəlmiş hücum cəhdi də daxil olmaqla 15 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Bəhreyn düşən raket qalıqları nəticəsində üç nəfərin yaralandığını və dəniz suyunun təmizlənməsi müəssisəsinin zərər gördüyünü açıqlayıb.

Birləşmiş Ərəb Əmirlikləri isə martın 8-də havadan müdafiə sistemlərinin 17 ballistik raketi aşkar etdiyini, onlardan 16-sının məhv edildiyini və birinin dənizə düşdüyünü bildirib.

Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian daha əvvəl verdiyi açıqlamada qonşu ölkədən hər hansı hücum və ya işğal cəhdi olacağı halda İranın cavab vermək məcburiyyətində qalacağını demişdi.

İran dövlət televiziyasında yayımlanan açıqlamasında M.Pezeşkian deyib: “Cavab vermək həmin ölkə ilə mübahisəmizin olduğu və ya onun xalqına zərər vermək istədiyimiz mənasına gəlmir. Bu zəruri olaraq atılan bir addımdır.”

 

D.Tramp danışıqları rədd edir

ABŞ prezidenti Donald Tramp isə İranla danışıqlara maraq göstərmədiyini bildirib və müharibənin ancaq Tehran hakimiyyətinin ordusunun məhv edildikdə və ya hakimiyyətdə heç bir lider qalmadıqda sona çata biləcəyini deyib.

Martın 7-də “Air Force One” təyyarəsində jurnalistlərə müsahibə verən D.Tramp bildirib ki, hava hücumları İranın potensial liderlərinin hamısının öldürülməsi və İran ordusunun məhv edilməsi halında danışıqları mənasız edə bilər.