İstanbulda Fələstinə dəstək yürüşü keçirilib
On minlərlə insan Fələstinə dəstəyini nümayiş etdirmək və fələstinlilərə qarşı müharibənin dayandırılmasını tələb etmək üçün İstanbulda toplaşıb
On minlərlə insan Fələstinə dəstəyini nümayiş etdirmək və fələstinlilərə qarşı müharibənin dayandırılmasını tələb etmək üçün İstanbulda toplaşıb. Humanitar Yardım Alyansı və Milli İradə Platformasının təşkilatçılığı ilə keçirilən "Səssiz qalmayacağıq, Fələstini unutmuruq" aksiyası 400-dən çox qeyri-hökumət təşkilatını bir araya gətirib.
Aksiya iştirakçıları cümə axşamı günü Ayasofya, Sultanəhməd, Fatih, Süleymaniyyə və Eminönü Yeni Cami kimi böyük məscidlərdə sübh namazını qıldıqdan sonra yürüşə başlayıblar. Nümayişçilər daha sonra Türkiyə və Fələstin bayraqlarını dalğalandırıb. "İstanbuldan Qəzzaya, müqavimətə min salam" və "Fələstin azad olsun" kimi şüarlar səsləndirən aksiya iştirakçiları daha sonra Qalata körpüsünə doğru hərəkət ediblər.
Aksiya zamanı çıxış edən Elmin Yayılması Fondunun prezidenti Bilal Ərdoğan vətəndaşlar arasında həmrəyliyin gücləndiyini vurğulayaraq deyib: ‘‘İştirakçıların sayı hər il artır və bu gün bir millət olaraq ortaq dəyərlərimizin gücünü hiss edirik. Fələstinlilər və Qüds üçün dualar edildi’’.
Yürüşdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul vilayət təşkilatının sədri Abdullah Özdemir, ÖNDER İmam Hatip Dərnəyinin prezidenti Abdullah Ceylan, eləcə də müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri və dini liderlər iştirak ediblər.
İştirakçılar "Fələstin üçün ədalət, dünya üçün vicdan" yazılmış plakatlar qaldırıb və tez-tez İsrailin sərt addımlarını pisləyən şüarlar səsləndiriblər.
Polis yürüş marşrutu boyunca ciddi təhlükəsizlik tədbirləri görsə də, təşkilatçılar mitinqi fələstinlilərə ictimai dəstəyin dinc nümayişi kimi xarakterizə ediblər.
Bir çox iştirakçı 2026-cı ilin Qəzzada sülh və ədalətin bərqərar olduğu, əzabların sona çatdığı bir il olacağına ümid etdiyini bildirib. Onlar bu nümayişin İstanbuldan dünyaya güclü bir həmrəylik mesajı göndərdiyini vurğulayıblar.