Çin xarici işlər naziri üç Mərkəzi Asiya ölkəsini ziyarət edəcək

Rəsmi Pekin Mərkəzi Asiyada diplomatiya, ticarət, infrastruktura, sərmayə və regional tərəfdaşlıq təşəbbüsləri vasitəsilə təsir dairəsini genişləndirməyi hədəfləyir

By
Çin xarici işlər naziri üç Mərkəzi Asiya ölkəsini ziyarət edəcək

Çin xarici işlər naziri Van Yi strateji məsləhətləşmələr aparmaq məqsədilə Mərkəzi Asiyada üç ölkəni əhatə edən bir səfərə çıxır. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki,  Van Yi 19–22 noyabr tarixlərində Qırğızıstan, Özbəkistan və Tacikistanı ziyarət edəcək.

Məlumata görə, Van Yi Bişkek, Daşkənd və Düşənbədə öz həmkarları Cenbek Kulubayev, Baxtiyar Saidov və Siracəddin Muhriddin ilə görüşəcək.

 

“Əbədi” dostluq

Qeyd edək ki, bu səfər iyun ayında Qazaxıstanda keçirilən və Çin dövlət başçısı Si Cinpin ilə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan liderlərinin “Əbədi Yaxşı Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsi”ni imzaladığı yüksək səviyyəli zirvədən sonra baş tutur. Həmin müqavilə ilə bu ölkələr “əbədi” dostluqlarını rəsmi şəkildə elan etmiş oldu.

Si Cinpin zirvə zamanı resurslar baxımından zəngin olan Mərkəzi Asiya bölgəsi ilə əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq infrastruktur, təmiz enerji, “yaşıl minerallar” və süni intellekt sahələrində əməkdaşlığın daha da genişləndirilməsi çağırışı edib.

Mərkəzi Asiya tarixi olaraq Rusiya təsiri altında qalıb, lakin rəsmi Pekin regionun aparıcı ticarət tərəfdaşına çevrilərək həm Rusiyanı, həm də Avropa İttifaqını (Aİ) geridə qoymağa başlayıb.

Çin Xalq Respublikası “Kəmər və Yol” adlı təşəbbüs vasitəsilə Özbəkistan–Qırğızıstan–Çin dəmir yolu və Çin–Tacikistan avtomobil yolu kimi böyük infrastruktur layihələrinə sərmayə yatırır; həmçinin Qazaxıstanda yeni sərhəd keçidləri və logistika mərkəzləri inkişaf etdirir.