Türkiyə ŞKTC parlamentinin iki dövlətli həll qərarını alqışlayır
Cevdet Yılmaz:"Bu qərar Kiprdəki türk icmasının öz suverenliyini, kimliyini və gələcəyini qorumaq əzminin güclü ifadəsidir''
Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin Kipr məsələsi ilə bağlı iki dövlətli həll təklifini təsdiqləməsini alqışlayıb.
Vitse-prezident Cevdet Yılmaz Türkiyənin "NSosyal" platformasında etdiyi paylaşımda bu ifadələrə yer verib:
"Bu qərar Kiprdəki türk icmasının öz suverenliyini, kimliyini və gələcəyini qorumaq əzminin güclü ifadəsidir. Yarım əsrdir nəticə verməyən federasiya modeli artıq tükənib. Adada real, davamlı və ədalətli həll yalnız iki suveren, bərabərhüquqlu dövlət əsasında mümkündür. Bu tarixi qərarda iki dövlətli həll iradəsini bildirən bütün millət vəkillərimizi təbrik edir, adadakı türk icmasının gələcəyi, sülhü və ləyaqəti üçün tutduqları mövqeyə görə təşəkkür edirik."
BMT-nin hərtərəfli səylərinə baxmayaraq adadakı yunan və türk icmaları arasında uzun illərdir davam edən mübahisə hələ də həll olunmayıb.
1960-cı illərin əvvəllərində adadakı türklərə qarşı etnik zəmində edilən hücumlar Kipr türklərini təhlükəsizlik məqsədilə müəyyən edilmiş ərazilərə çəkilməyə məcbur etdi.
1974-cü ildə adadakı rumların Yunanıstanı Kipri ilhaq etməyə təşviq etmək üçün həyata keçirdiyi çevriliş Türkiyənin qarant dövlət kimi adadakı türk icmasını təqib və zorakılıqdan qorumaq məqsədilə hərbi müdaxiləsinə səbəb oldu.
Nəticədə 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) quruldu.
Adada sülh prosesini canlandırmaq üçün müxtəlif addımlar atıldı. 2004-cü ildə Cənubi Kipr Yunan Rəhbərliyi Avropa İttifaqına üzv oldu. Lakin həmin il Kiprdəki Rum icması, BMT-nin uzun müddət davam edən münaqişəyə son qoymaq üçün hazırladığı planı birtərəfli şəkildə rədd etdi.