R.T.Ərdoğan yenidən formalaşan qlobal nizamda Türkiyənin mərkəzi güc olduğunu bildirdi
Prezidentin sözlərinə görə, Türkiyə qlobal güc balansının yenidən formalaşdığı dövrdə mərkəzi aktorlardan birinə çevriləcək və ölkə yeni imkanlar mərhələsinə qədəm qoyacaq
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-də Türkiye Sahibkar İş Adamları Konfederasiyasının 7-ci fövqəladə baş assambleyasında çıxışı zamanı bildirib ki, Türkiyə yeni formalaşan dünya nizamında söz sahibi ölkələrdən birinə çevrilir. Ölkə başçısı R.T.Ərdoğan deyib: “Suriya məsələsində olduğu kimi, artıq Türkiyənin göstərdiyi fədakarlıqların və səylərin qarşılığını alacağı yeni bir dövrə qədəm qoyuruq.”
Prezident R.T.Ərdoğan qeyd edib ki, dünya tədricən Türkiyənin illərdir səsləndirdiyi mövqeyə doğru irəliləyir və uzun müddət ərzində qlobal siyasətə yönəlik irəli sürülən tənqidlərin haqlı olduğu bu gün daha aydın şəkildə üzə çıxır.
Dövlət başçısı Türkiyənin yolunun və taleyinin parlaq olduğunu, yeni qapıların açılacağını, yeni imkanların yaranacağını və gözləntiləri aşan fürsətlərin ortaya çıxacağını bildirib. Onun sözlərinə görə, Türkiyə elə bir mərhələyə qədəm qoyub ki, bu mərhələdə ölkənin uğurları həm dost ölkələr, həm də rəqiblər tərəfindən müzakirə ediləcək və nəticədə böyük və güclü Türkiyə reallığı formalaşacaq.
Ölkə rəhbəri R.T.Ərdoğan sahibkarlara və iş adamlarına müraciət edərək, uzun illərdir Türkiyənin böhran, xaos, sarsıntı və iqtisadi çətinliklərə sürüklənəcəyini iddia edən iqtisadçıların proqnozlarına məhəl qoymamağı tövsiyə edib. O bildirib ki, iqtisadiyyata dair “təxmin” adı altında bazara buraxılan qaranlıq ssenarilərə etibar edilməməlidir.
Qrenlandiya ilə bağlı vasitəçilik ehtimalı
Türkiyə Prezidenti R.T.Ərdoğanın səsləndirdiyi fikirləri gücləndirən bir məqam olaraq, ABŞ xarici siyasət üzrə bir ekspert Qrenlandiya ətrafında artan gərginlik fonunda Türkiyənin ABŞ ilə Avropa arasında vasitəçi rolunu üzərinə götürə biləcəyini bildirib.
“Brookings Institution”un Xarici Siyasət Proqramı çərçivəsində fəaliyyət göstərən “Strobe Talbott Center for Security, Strategy, and Technology”nin eksperti Filip Qordon yanvarın 21-də açıqlamasında deyib ki, transatlantik münasibətlərin gərginləşdiyi dövrlərdə Türkiyənin mövqeyi ona mühüm siyasi təsir və söz haqqı qazandırır.