T.Brus ''Müstəqil Fələstin dövləti artıq hədəf deyil'' bəyanatına münasibət bildirməkdən imtina edib
ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus ABŞ-ın İsraildəki səfiri M. Hakabinin Fələstinlə bağlı açıqlamasına münasibət bildirməyib
ABŞ Dövlət Departamenti ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin “Artıq müstəqil Fələstin dövləti yaratmaq ABŞ-ın məqsədi deyil” bəyanatına münasibət bildirməkdən imtina edib.
Çərşənbə axşamı keçirilən mətbuat konfransında çıxış edən Dövlət Departamentinin sözçüsü Tammi Brus deyib: “Mən səfirin açıqlamalarını şərh etməyəcəyəm. Düşünürəm ki, o, öz adından danışır”.
Tammi Brus M.Hakabinin bu fikirləri şəxsi mövqeyi kimi səsləndirib-səsləndirmədiyi və ya bu bəyanatın Tramp administrasiyasının siyasətindəki dəyişiklikləri əks etdirib-etdirmədiyi ilə bağlı sualları cavablandırmaqdan imtina edib. O, jurnalistlərə bu məsələ ilə bağlı sualları Ağ Evə ünvanlamağı tövsiyə edib.
“Mən səfirin açıqlamalarını ətraflı şərh etməyəcəyəm... Hazırda bu mövzuda ehtimallara yer vermək istəmirəm. Əgər söhbət ABŞ-ın rəsmi siyasətindən, xüsusilə də prezidentin mövqeyindən gedirsə, sizə Ağ Evə müraciət etməyi məsləhət görərdim”, – deyə sözçü qeyd edib.
‘‘Bloomberg News’’a müsahibə verən Mayk Hakabi ABŞ-ın hələ də müstəqil Fələstin dövləti yaratmaq niyyətində olub-olmadığı sualına belə cavab verib: “Məncə, artıq belə bir məqsəd yoxdur. Mədəniyyət dəyişikliyi kimi ciddi faktorlar olmadığı müddətdə buna yer yoxdur’’.
Kanada, Avstraliya, Yeni Zelandiya, Norveç və Böyük Britaniyanın İsrail nazirləri Itamar Ben-Gvir və Bezalel Smotriçə qarşı sanksiyalar tətbiq etməsinə dair sualı cavablandıran Tammi Brus ABŞ-ın bu addımı “tamamilə faydasız” hesab etdiyini bildirib.
"Biz İsrailin beynəlxalq ictimaiyyətdən daha da təcrid olunmasına səbəb ola biləcək hər hansı addımdan narahatıq. Əgər müttəfiqlərimiz həqiqətən kömək etmək istəyirlərsə, onlar xüsusi səfir Stiv Vitkofun apardığı danışıqları və Qəzza Humanitar Fondunun ərzaq və yardım səylərini dəstəkləməyə diqqət yetirməlidirlər", – deyə Tammi Brus vurğulayıb.
Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabr ayından bəri Qəzzada davam edən müharibəyə dair beynəlxalq çağırışları rədd edərək, əksəriyyəti qadın və uşaq olmaqla təxminən 55.000 fələstinlini qətlə yetirib.
Yardım təşkilatları isə iki milyondan çox insanın yaşadığı bölgədə aclıq təhlükəsinin getdikcə artdığı barədə xəbərdarlıq etməyə davam edir.
2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barəsində Qəzzada hərbi və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə həbs orderi çıxarıb.
Bundan əlavə, İsrail hazırda Beynəlxalq Ədalət Məhkəməsində bölgədə mülki əhaliyə qarşı törədilən hərbi cinayətlərə görə soyqırım ittihamı ilə üz-üzədir.