Avropa İttifaqı İrana qarşı sanksiyaları bərpa etdi

BMT qərarından sonra tətbiq olunan sanksiyalar İranın nüvə və raket proqramını hədəf alır, Qərb isə dialoq kanallarının açıq qalacağını bildirir

Avropa İttifaqı İrana qarşı sanksiyaları bərpa etdi / Reuters

Avropa İttifaqı Birləşmiş Millətlər Təşkilatının (BMT) İranın nüvə proqramı ilə əlaqədar sanksiyaları bərpa etməsi qərarından sonra, özünün də oxşar tədbirlərə qoşulacağını açıqlayıb. Qərb liderləri isə sanksiyaların yenidən tətbiqinə baxmayaraq, diplomatik kanalların açıq qalacağını vurğulayıblar.

BMT həftəsonu Qərb dövlətlərinin 2015-ci il nüvə sazişi çərçivəsində nəzərdə tutulan “geri dönüş mexanizmini” işə salmasının ardından bu qərarı qəbul edib.

Qeyde dək ki, 27 üzvlü blok tərəfindən tətbiq olunacaq sanksiyalar, İranın nüvə və ballistik raket fəaliyyəti ilə bağlı əməliyyatları qadağan edən BMT tədbirlərini əhatə edir. Bununla yanaşı, İran Mərkəzi Bankının aktivlərinin dondurulması kimi maliyyə məhdudiyyətlərini də özündə birləşdirir.

Rəsmi Tehran öz növbəsində BMT sanksiyalarının yenidən qüvvəyə minməsini “ədalətsiz” adlandıraraq bu qərarı pisləyib.

 

“Diplomatiyanın sonu deyil”

Məsələylə bağlı Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sentyabrın 28-də verdiyi açıqlamada bildirib ki, sanksiyaların bərpa olmasına baxmayaraq diplomatik müzakirə qapısı açıqdır.

İran isə nüvə silahı əldə etmək niyyətində olmadığını bildirib və Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə sadiq qalacağını bir daha təsdiqləyib. Bununla yanaşı, Tehran rəhbərliyi London, Paris və Berlindəki səfirlərini məsləhətləşmələr üçün geri çağıraraq Qərb dövlətlərini “ciddi nəticələr” barədə xəbərdar edib.

Rusiya və Çin sanksiyaların bərpasını gecikdirmək üçün BMT Təhlükəsizlik Şurasında təşəbbüs göstərsələr də, bu cəhd uğursuzluqla nəticələnib. Hər iki dövlət əlavə olaraq, bu addımın Yaxın Şərqdə gərginliyi daha da artıracağı barədə xəbərdarlıq edib.