Qidalanmağın ruh sağlamlığına təsiri

Aralıq dənizi tipli qidalanma ruh sağlamlığının dostudur

By
Qidalanmağın ruh sağlamlığına təsiri / AP

Bu gün olduqca maraqlı bir mövzu haqqında danışacağıq: yediyimiz qidalar psixologiyamıza necə təsir edir heç düşünmüsüz?

Bir parça tünd şokolad yedikdə niyə özünüzü daha xoşbəxt hiss edirsiniz? Yaxud uzun və yorucu bir günün ardından rafinə (yəni emal olunmuş qidalar) qəbul etdikdə niyə halsızlıq və narahatlıq yaranır? Alimlər bildirirlər ki, qidalanma təkcə fiziki sağlamlığımıza deyil, eyni zamanda ruh halımıza da ciddi təsir göstərir.

Bu gün mövzunu Sağlık Bilimleri Universitetinin Qidalanma və Dietologiya kafedrasından professor Nevra Koçun dəyərləndirmələri əsasında müzakirə edəcəyik.

Professor Nevra Koç vurğulayır ki, qidalanma ruh sağlamlığı üzərində mühüm rol oynayır. Son illərdə aparılan elmi tədqiqatlar qidalanma vərdişlərinin psixoloji əhvalımıza və idrak funksiyalarımıza necə təsir etdiyini açıq şəkildə ortaya qoyur.

Bəs ruh halımıza hansı qidalar təsir edir? Professor Nevra Koçun sözlərinə görə, meyvə, tərəvəz, tam taxıllar, bitki toxumlarından əldə olunmuş faydalı yağlar və balıq qidalarının üstünlük təşkil etdiyi Aralıq dənizi pəhrizi daha aşağı depressiya və narahatlıq riski ilə əlaqələndirilir.

Bu qidalanma modeli sinir sistemi funksiyalarına və stresin tənzimlənməsinə töhfə verən əsas yağ turşularını, vitaminləri və antioksidantları təmin edir.

Hətta Aralıq dənizi pəhrizinə əməl etməyin yaşla bağlı beyin atrofiyasını əhəmiyyətli dərəcədə azalda biləcəyi də qeyd olunur.

Bunun əksinə emal olunmuş qidalar, işlənmiş şəkərlər, trans və doymuş yağlarla zəngin qidalanma şəkli isə ruh halı pozuntuları riskini artıra bilir. Bu fakt onu göstərir ki, kifayət qədər və balanslı tərkibə malik sağlam qidalanma rejiminə riayət etmək psixi sağlamlıq baxımından qoruyucu təsirə malikdir.

Əlbəttə ki qidalarla ruh sağlamlığı arasındakı əlaqə bununla məhdudlaşmır. Karbohidratlar, zülallar və yağlardan ibarət makroqidalar beyin fəaliyyəti və emosional tənzimləmə üçün əsas elementlərdir.

Professor Nevra Koç deyir: “Karbohidratlar beyin üçün əsas enerji mənbəyidir. Eyni zamanda ruh halını və yuxu rejimini tənzimləməyə kömək edən serotoninin sintezi üçün də böyük əhəmiyyət daşıyır.”

Lakin bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Aşağı karbohidratlı pəhrizlər bəzi insanlarda əsəbilik hissinin artması və depressiv əlamətlərlə əlaqələndirilir. Eyni zamanda zülal çatışmazlığı idrak pozuntularına və ruh halının qeyri-sabitliyinə səbəb ola bilər. Məhz buna görə bəzi qida maddələrinin ruh sağlamlığının qorunmasında kritik əhəmiyyət daşıdığı vurğulanır.

Faydalı yağlar, xüsusilə doymamış yağlar və “Omega-3” yağ turşuları neyronların bütövlüyünü və qarşılıqlı əlaqəsini dəstəkləyir. İnsan beyninin böyük bir hissəsi yağlardan ibarət olduğuna görə, “Omega-3” yağ turşuları beyin funksiyalarında xüsusi rol oynayır.

Buna görə də, yağlı balıqlarda və kətan toxumunda olan “Omega-3” yağ turşuları beyin fəaliyyəti üçün vacibdir. Bu maddələrin kifayət qədər qəbulu depressiya əlamətlərinin azalmasına kömək edir.

Ancaq rafinə olunmuş qidalarda rast gəlinən yüksək trans və doymuş yağ tərkibli pəhrizlər depressiya, narahatlıq riskinin artmasına və ruh sağlamlığına zərər yetirə bilər.

İndi isə glin ruh sağlamlığının qorunmasında mühüm rol oynayan vitamin və minerallardan danışaq. Bu mövzuda professor Nevra Koç belə deyir: “B qrupu vitaminləri, xüsusilə fol turşusu və B12 vitamini neyrotransmitterlərin sintezinə töhfə verərək ruh halının tənzimlənməsini dəstəkləyir. Bu vitaminlərin aşağı səviyyədə olması depressiv pozuntular riskinin artması ilə əlaqələndirilir.”

Bundan əlavə, yaşıl yarpaqlı tərəvəzlərdə və çərəzlərdə olan maqnezium sinir sisteminin həssaslığı və stres reaksiyasında mühüm mineral hesab olunur. Onun insanda çatışmazlığı narahatlıq xarakterli davranışlara səbəb ola bilər.

İndi isə çox vacib bir mövzuya keçid edək: şəkərdən istifadə. Rafinə (işlənmiş) şəkərlərin həddindən artıq istifadəsi ruh sağlamlığına mənfi təsir göstərir. Yüksək şəkərli qidalanma qan şəkərinin səviyyəsində dalğalanmalara səbəb olaraq ruh halının dəyişməsinə, əsəbiliyə və yorğunluğa yol aça bilər.

Eyni zamanda şəkərdən istifadə depressiya və narahatlıq pozuntularında rol oynayan iltihabi proseslər və oksidləşdirici streslə əlaqələndirilir. Araşdırmalar yüksək şəkər qəbulunun daha yüksək depressiya riski ilə əlaqəli olduğunu göstərir.

Mütəxəssisimiz qazlı içkilərlə bağlı da xəbərdarlıq edir. Gündəlik həyatda çox miqdarda içilən qazlı içkilər və bəzi qidalar birbaşa olmasa da, bağırsaq sağlamlığı vasitəsilə ruh halına təsir göstərə bilir. Beyin bağırsaq mikrobiotasının neyrotransmitter istehsalına təsiri səbəbilə depressiya və narahatlıqla birbaşa əlaqəlidir.

İndi isə fermentləşdirilmiş qidaların təsirinə nəzər salaq. Aparılan tədqiqatlar göstərir ki, probiotik və prebiotiklərlə zəngin qidalanma bağırsaq sağlamlığını yaxşılaşdırmaqla yanaşı, depressiya simptomlarının azalmasına da töhfə verə bilər. Professor Nevra Koç fermentləşdirilmiş qidaların zehni rifahı dəstəkləyən faydalı bakteriyalar baxımından mühüm olduğunu vurğulayır.

Son illərdə aparılan elmi araşdırmalar sayəsində qidalanma ilə psixi sağlamlıq arasındakı əlaqənin daha aydın başa düşüldüyünü bildirən alim sözlərini belə yekunlaşdırır: “Gələcəkdə qidalanma vərdişlərinin psixoloji məsləhət və terapiya proseslərinə inteqrasiyası ruh sağlamlığının gücləndirilməsi baxımından mühüm yanaşma ola bilər. Bu kontekstdə qidalanma mütəxəssislərinin fərdlərə qida əsaslı psixi sağlamlıq üzrə istiqamət verməsi psixoloji pozuntuların qarşısının alınması və idarə olunması üçün təsirli strategiyalar təqdim edə bilər.”

Hörmətli oxuyucular, bugünkü məqaləmizdə qidalanma ilə ruh sağlamlığı arasındakı əlaqədən danışdıq. Ümid edirik ki, bu məlumatlar sizin üçün faydalı oldu. Özünüzə yaxşı baxın, sağlam qidalanmağı unutmayın!