Qəzzada partlamamış hərbi sursatlar ABŞ-ın rəhbərlik etdiyi atəşkəsdən sonra evlərinə qayıdanlar üçün böyük risk təşkil edir. "Handikap İnternational" qeyri-hökumət təşkilatı minatəmizləmə əməliyyatları üçün zəruri olan avadanlıqların bölgəyə gətirilməsinə çağırış edib.
Təşkilatın Fələstin ərazilərindəki nümayəndəsi Anne-Kler Yaeş deyib:"Risklər çox yüksəkdir – müharibənin başlanğıcından bəri Qəzzaya təxminən 70.000 ton partlayıcı atılıb."
"Handikap İnternational" minalardan təmizləmə və piyada əleyhinə minaların qurbanlarına yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşmış təşkilatdır.
Partlamamış bomba, qumbaraatan və digər mərmilər İsrailin Qəzzaya qarşı iki ildir davam edən müharibəsi zamanı bölgədə adi mənzərəyə çevrilib. Anne-Kler Yaeş qeyd edib ki, Qəzzanın sıx şəhər strukturu səbəbindən təhlükə daha da artıb.
Yanvar ayında BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) Qəzzaya atılan sursatların 5-10 faizinin partlamadığını təxmin etmişdi.
UNMAS oktyabrın 10-da qüvvəyə minən atəşkəsdən sonra texniki ekspertiza tələblərinin artdığını, həmçinin humanitar yardım missiyaları üçün əvvəllər əlçatmaz olan ərazilərə girişə çağırıldığını bildirib.
Agentlikbildirib ki, sərhəddə Qəzzaya daxil olmaq üçün üç zirehli maşın gözləyir, lakin lazımi avadanlıqların gətirilməsi üçün hələ də İsrailin icazəsi gözlənilir.












