Volodimir Zelenski müttəfiqlərinə çağırış etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın intensiv hücumları nəticəsində Kiyevdə yüzlərlə binanın istiliksiz qalmasını əsas gətirərək müttəfiqlərini hava hücumundan müdafiə sistemləri ilə bağlı dəstəyi artırmağa çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın intensiv hücumları nəticəsində Kiyevdə yüzlərlə binanın istiliksiz qalmasını əsas gətirərək müttəfiqlərini hava hücumundan müdafiə sistemləri ilə bağlı dəstəyi artırmağa çağırıb. Təxminən dörd ildir davam edən müharibə boyunca Ukraynanın enerji infrastrukturunu hədəf alan Rusiya son günlərdə zərbələrin miqyasını daha da genişləndirib. Kiyev rəsmiləri PUA və raket hücumlarının hava hücumundan müdafiə sistemlərini ciddi şəkildə sınağa çəkdiyini bildirirlər.
Litva paytaxtı Vilnüsdə çıxış edən V.Zelenski Rusiyanın son bir həftə ərzində həyata keçirdiyi hücumların miqyasını açıqlayıb. "Təkcə bu həftə ruslar 1700-dən çox PUA, 1380-dən çox idarə olunan hava bombası və 69 müxtəlif növ raket buraxıblar. Hava məkanımızın qorunmasını gücləndirmək üçün ABŞ və Avropa ilə əməkdaşlığı davam etdiririk’’,-deyə Volodimir Zelenski qeyd edib.
Paytaxt Kiyevdə vəziyyət xüsusilə ağırdır. Şəhər meri Vitali Kliçko yanvarın 24-də həyata keçirilən hücumdan sonra 1676 çoxmərtəbəli binanın istiliksiz qaldığını bildirib. Əlverişsiz hava şəraiti və ardı-arası kəsilməyən hücumlar bərpa qruplarının işini çətinləşdirir. Məlumata görə, bombardmanlar nəticəsində indiyədək yarım milyona yaxın insan şəhərdən təxliyə edilib.
ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarından hələlik konkret nəticə çıxmayıb. Şənbə günü başa çatan görüşlərdə irəliləyiş əldə olunmasa da, Prezident Zelenski danışıqları “konstruktiv” adlandırıb. Tərəflərin gələn həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yenidən bir araya gəlmək barədə razılığa gəldiyi bildirilir.