Venesuela müxalifət lideri M.K.Maçado Nobel Sülh Mükafatını D.Trampa təqdim etdi

Lakin Norveç Nobel Komitəsi mükafatın başqa şəxsə verilə bilməyəcəyini bildirib

By
Venesuela müxalifət lideri M.K.Maçado Nobel Sülh Mükafatını D.Trampa təqdim etdi / Reuters

Venesuela müxalifət lideri Maria Korina Maçado Ağ Evdə keçirilən görüşlər zamanı Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa şəxsən təqdim etdiyini bildirib.

M.K.Maçado yanvarın 15-də jurnalistlərə açıqlamasında deyib: “Ona bunu dedim: 200 il əvvəl general Lafayet üzərində Corc Vaşinqtonun təsviri olan bir medalı Simon Bolivara vermişdi. S.Bolivar bu medalı ömrünün sonuna qədər saxladı. Bu medal general Lafayet tərəfindən ABŞ xalqı ilə Venesuela xalqı arasında avtoritar idarəçiliyə qarşı mübarizədə aralarındakı qardaşlığın nişanəsi kimi təqdim edilmişdi. 200 il sonra isə Bolivarın xalqı Corc Vaşinqtonun varisinə Nobel Sülh Mükafatını verir.”

M.K.Maçado ABŞ prezidentinin onu prosesdən kənarda saxlamasına baxmayaraq, Ağ Evin “müsbət” kimi qiymətləndirdiyi görüşlər çərçivəsində ABŞ lideri ilə bir araya gəldiyini bildirib.

Xatırladaq ki, D.Tramp yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronu ələ keçirdikdən sonra M.K.Maçadonun Venesuelada xalq dəstəyinə malik olmadığını və onun əvəzinə N.Maduronun müavini Delsi Rodrigesi dəstəklədiyini demişdi.

N.Maduronun hakimiyyətinə son qoymaq üçün illərlə fəaliyyət göstərən M.K.Maçado D.Tramp ilə görüşdən sonra Ağ Evin qarşısında onu dəstəkləyənlərlə görüşüb.

Qeyd edək ki, M.K.Maçado D.Trampa mükafatı təqdim etməklə prezidentin gözündə müsbət təəssürat yaratmağı hədəfləsə də, Norveç Nobel Komitəsi bu mükafatın başqa şəxslərə verilə bilməyəcəyini bəyan edib.

Norveç Nobel Komitəsi “X” platformasında yaydığı paylaşımda bildirib: “Nobel Mükafatı elan edildikdən sonra artıq geri alına, paylaşıla və ya başqa şəxslərə verilə bilməz. Qərar qətidir və daim qüvvədə qalır. Mükafatın sahibi dəyişə bilər, lakin Nobel Sülh Mükafatının sahibi statusu dəyişdirilə bilməz.”