Çevik Dəstək Qüvvələri Xartum Beynəlxalq Hava Limanına PUA zərbələri endirib
Sudan Xəbər Agentliyinin şahidlərə istinadən yaydığı məlumata görə, yeddi pilotsuz uçuş aparatı hava limanı və onun cənubundakı məhəllələrə zərbələr endirib, bu da əhali arasında panikaya səbəb olub
Hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri ardıcıl üçüncü gündür Sudanın Xartum Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir. Sudan Xəbər Agentliyinin şahidlərə istinadən yaydığı məlumata görə, yeddi pilotsuz uçuş aparatı hava limanı və onun cənubundakı məhəllələrə zərbələr endirib, bu da əhali arasında panikaya səbəb olub. Hava limanında partlayış səsləri eşidilib.
Çevik Dəstək Qüvvələri oktyabrın 21-də Xartum əyalətindəki hava limanına və digər həyati əhəmiyyət kəsb edən mövqelərə hücumlara başlayıb. Bu hücumlar iki ildən çox müddət bağlı olan hava limanının yenidən açılmasından bir gün əvvəl baş verib. Hava limanı oktyabrın 22-də ilk mülki sərnişin reysini qəbul edib.
“Rakoba News” qəzetinə müsahibə verən təhlükəsizlik mənbələri bildirir ki, hücumlar nəticəsində hava limanına ciddi ziyan dəyməyib. Qəzetin məlumatına əsasən, ölkənin ən mühüm obyektlərinə edilən son hücumlar Çevik Dəstək Qüvvələri ilə Sudan ordusu arasındakı münaqişənin mahiyyətində dəyişiklik olduğunu göstərir. Bu dəyişiklik yerüstü toqquşmalardan pilotsuz uçuş aparatlarından hərbi və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə keçidi ifadə edir.
Üsyançı qrup hücumlarla bağlı hələlik açıqlama verməyib.
Birləşmiş Millətlər Təşkilatı və yerli hakimiyyət orqanlarının məlumatına görə, ordu ilə Çevik Dəstək Qüvvələri arasında 2023-cü ilin aprelindən bəri davam edən toqquşmalar nəticəsində 20 mindən çox insan həlak olub, 14 milyon nəfər isə didərgin düşüb.