Məşhur amerikalı astronom və yazıçı Karl Saqanın deyir: “Haradasa bir yerlərdə inanılmaz bir şeylər kəşf olunmağı gözləyir.”
Məhz 2025-ci il də belə heyrətamiz kəşflərin baş verdiyi bir il oldu.
Kosmosdan tibb sahəsinə, süni intellektdən genetik mühəndisliyə qədər bir çox istiqamətdə elm yeni üfüqlər açdı. Bugünkü yazımızda 2025-ci ilin ən diqqətçəkən elmi yeniliklərini sizin üçün topladıq.
İyun ayında alimlər kainatın indiyədək hazırlanmış ən geniş məzmunlu xəritəsini təqdim etdilər. Bu xəritə sözün əsl mənasında kosmik bir nailiyyətdir! O, 13,5 milyard il əvvələ qədər uzanır və təxminən 800 min qalaktikanı əhatə edir.
“James Webb” Kosmik Teleskopu və Kosmik Təkamül Araşdırması komandası 255 saat ərzində səmanın çox kiçik bir hissəsini müşahidə ediblər. Bu sahə təxminən bədrlənmiş ayın üç qatı böyüklüyündədir.
Minlərlə görüntünün birləşdirilməsi ilə yaradılan bu xəritə kainatın zaman xəttinin 98 faizini əhatə edir. Təsəvvür edə bilirsiz?
Bu barədə Kaliforniya Universitetindən fizik Keytlin Keysi belə deyir: “Məqsədimiz bu geniş kosmos sahəsini indiyədək görülənlərin çox-çox üzərində bir miqyasda ələ almaq idi.”
Elə bu xəbərin ardınca Çilidə yerləşən “Vera C. Rubin” Rəsədxanası dünyanın ən böyük rəqəmsal kamerası ilə çəkilmiş möhtəşəm görüntüləri paylaşdı. 55 milyon işıq ili uzaqlıqda yerləşən qalaktika qrupunun indiyədək görülməmiş şəkilləri təqdim olundu. Əldə edilən nəticələr həqiqətən təsirli idi!
Maşınlar ilə insanlar arasındakı yarış
1950-ci illərdə Alan Turinq maşınların insan kimi düşünmək bacarığını ölçmək üçün məşhur “Turing” testini təqdim etmişdi. Nəhayət 2025-ci ildə tarixi bir hadisə baş verdi. San-Dieqodakı Kaliforniya Universitetinin tədqiqatçıları Kemeron Cons və Benjamin Bergen süni intellekt modellərini insanlarla müqayisə etdilər.
Nəticə də isə GPT-4.5 modelinin verdiyi nəticə 73 faiz hallarda insan kimi qəbul edildi və standart “Turing” testindən keçən ilk süni sistem oldu!
İştirakçılar beş dəqiqəlik mətn əsaslı söhbətlər zamanı qarşılarında kimin olduğunu bilmirdilər. Hətta əksəriyyəti qarşı tərəfin insan olduğunu düşünürdü.
Təbii ki, bu inkişaf nə qədər həyəcanvericidirsə, bir o qədər də narahatedicidir. Məsələylə bağlı mütəxəssislər səhv məlumatların yayılması və etik problemlərlə bağlı xəbərdarlıq edirlər.
Uluqurtların qayıdışı
İndi sizə elmi-fantastika filmini xatırladan, amma tamamilə real olan bir hekayəni diqqətinizə çatdırırıq.
13 min il əvvəl nəsli kəsilmiş uluqurtlar (canavarların ilk növləri) genetik mühəndislik sayəsində yenidən həyata qaytarılıb. Dallas mərkəzli “Colosal Biocience” şirkəti aprel ayında dünyaya üç canavar balası təqdim etdi: Romulus, Remus və Xalis.
Məsələylə bağlı açıqlama verən şirkətin baş direktoru Ben Lam belə dedi: “13 min illik bir dişdən və 72 min illik bir beyin sümüyündən DNT əldə etdik və sağlam canavar balalarını yetişdirdik.”
Lakin bu balalar yüz faiz uluqurt sayılmırlar. Alimlər boz canavar hüceyrələrinin DNT-sini dəyişdirərək tük rəngi, bədən ölçüsü və kəllə quruluşu üçün 14 gen üzərində 20 dəyişiklik həyata keçiriblər.
Ancaq bildirilir ki, şirkətin planları bununla yekunlaşmır! Növbədə Tasmaniya pələngi, dodo quşu və tüklü mamont var.
Qaranlıqda görə bilən linzalar
Qaranlıqda görmək necə bir hiss olardı? Bu, insanların əsrlərdir düşündüyü bir sualdır. Dünya alimləri bu xəyalı gerçəyə çevirməyə çox yaxındır. Belə ki, Texas A&M Universitetinin tədqiqatçıları xüsusi kontakt linzalar hazırlayıblar.
Bu linzalar nano-hissəciklərlə təchiz olunub və yaxın infra-qırmızı işığı aşkar edə bilir. Onlar infra-qırmızı dalğa uzunluqlarını insan gözünün görə bildiyi qırmızı, yaşıl və mavi işığa çevirir.
Bəs bu alətin ən böyük üstünlüyü nədədir? Bu linzalar əlavə enerji mənbəyi və ya ağır eynək tələb etmir.
Lakin bu ixtira hələ mükəmməl səviyyədə deyil. Hazırda təkcə yüksək intensivlikli LED kimi məhdud mənbələri aşkar edə bilir. Mütəxəssislər istilik yaranması və nanohissəciklərin gözə sızması kimi təhlükələrə də diqqət çəkir.
Texas A&M Universitetindən Piter Rentsepis bildirir ki, bu texnologiya xüsusilə hərbi sahədə daha gizli və praktik alternativ kimi istifadə oluna bilər.
Asılılıqla mübarizədə ağıllı plastır
Boston şəhərində yerləşən “Mass General Brayam” və Harvard Universitetinin tədqiqatçıları maddə asılılığı ilə mübarizə sahəsində mühüm bir araşdırma aparıblar.
Onlar dərman istifadəsi tələb etməyən, taxıla bilən ağıllı plastır hazırlayıblar. Bu taxıla bilən ağıllı cihaz ürək döyüntülərinin dəyişkənliyini izləyərək bioloji əksəlaqəni təmin edir.
Səkkiz həftə davam edən araşdırmanın nəticələri kifayət qədər ümidvericidir. Aparılan tədqiqatdakı iştirakçıların 64 faizi cihazdan istifadə etdikləri müddətdə maddə istifadəsinə meyllərinin azaldığını qeyd edib.
Süni intellekt dəstəyi ilə işləyən bu cihaz stress və ya güclü istək anlarını müəyyən edərək istifadəçiləri qısa nəfəs məşqlərinə yönləndirir. Bu da bərpa prosesində ən kritik məqamların daha asan idarə olunmasına kömək edir.
2025-ci ildə qeydə alınmış elmi kəşflərdən bir başqası isə mədəaltı vəzi xərçənginin erkən diaqnostikası üçün yeni testin hazırlanmasıdır. Bu xəstəlik adətən gec mərhələdə aşkar olunur və əksər hallarda ölümlə nəticələnir. Kəşf edilən yeni test ilə isə bu xəstəlikdən əziyyət çəkən insanların həyatlarının xilas edilməsi mümkün olacaq.
Bir başqa elmi inkişaf isə bundan ibarətdir ki, artıq süni intellekt vasitəsilə çox zəif zəlzələləri belə aşkar etmək mümkün olub. Bu yenilik erkən xəbərdarlıq sistemlərinin inkişafına əhəmiyyətli töhfə verə bilər.
Sonuncu olaraq isə bəzi diabet dərmanlarının ürək-damar xəstəliklərinin qarşısını ala bildiyi müəyyən edilib. Bildirilir ki, bu preparatlar ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Mövzumuzun əvvəlində qeyd etdiyimiz Karl Saqanın da dediyi kimi, inanılmaz kəşflərin baş verməsi gözlənilirdi və belə də oldu.
Növbəti yazımızda yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın!
















