Almaniya kansleri avropalıları daha müstəqil olmağa çağırıb
Eşborndakı Frankfurt Fond Birjasında keçirilən Yeni il qəbulunda çıxış edən Fridrix Merts hazırda dünyanın dərin bir transformasiya və siyasi qeyri-sabitlik dövründən keçdiyini vurğulayıb
Almaniya kansleri Fridrix Merts qlobal qarışıqlıq fonunda avropalıları daha müstəqil olmağa çağırıb.
Eşborndakı Frankfurt Fond Birjasında keçirilən Yeni il qəbulunda çıxış edən Fridrix Merts hazırda dünyanın dərin bir transformasiya və siyasi qeyri-sabitlik dövründən keçdiyini vurğulayıb. O, bu vəziyyəti "dönüş nöqtəsi" kimi xarakterizə edib. Kansler qeyd edib ki, avropalılar artıq böyük güclərin beynəlxalq qaydalar əvəzinə birbaşa güc siyasətinə üstünlük verdiyi yeni bir reallıqda yaşayırlar.
Almaniyanın Avropanın birliyi və müstəqilliyi yolunda mərkəzi rol oynaya biləcəyini ifadə edən Fridrix Merts qitə ölkələrinin birlik və qətiyyət nümayiş etdirəcəyi təqdirdə dünyada ciddi fərq yarada biləcəyinə inandığını bildirib. Suveren, azad və iqtisadi cəhətdən güclü bir Avropa üçün hərbi müdafiə qabiliyyətinin bərpası, iqtisadi rəqabətədavamlılığın artırılması və texnoloji müstəqilliyin təmin olunmasının vacibliyini vurğulayan Merts transatlantik münasibətlərin də artıq köhnə formatda olmadığını qeyd edib.
O, keçmişə olan nostalji hisslərin mövcud problemləri həll etməyəcəyini xatırladaraq, Avropanın qlobal proseslərdə söz sahibi olması üçün dərhal hərəkətə keçməli olduğunu bildirib.