Hakan Fidan Mayamidə Qəzza məsələsi ilə bağlı keçiriləcək görüşdə iştirak edəcək

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib

By
Hakan Fidan Mayamidə Qəzza məsələsi ilə bağlı keçiriləcək görüşdə iştirak edəcək / AA

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan dekabrın 19-da ABŞ-ın Mayami şəhərində Qəzza məsələsi ilə bağlı keçiriləcək toplantıda iştirak edəcək.

Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib: "Nazirimiz dekabrın 19-da Mayamidə ABŞ, Misir və Qətər rəsmilərinin iştirakı ilə keçiriləcək Qəzza ilə bağlı görüşdə iştirak edəcək. Görüş çərçivəsində digər regional məsələlərlə bağlı da müzakirələr aparılacaq".

Ağ Ev rəsmisi daha əvvəl Anadolu Agentliyinə müsahibəsində bildirib ki, Stiv Vitkoff atəşkəs razılaşmasının növbəti mərhələsini müzakirə etmək üçün Türkiyə, Qətər və Misir nümayəndələri ilə görüşəcək.

Bu görüş İsrail və ‘‘Həmas’’ arasında atəşkəsin qüvvəyə minməsindən təxminən iki ay sonra baş tutur. Razılaşmanın birinci mərhələsi hərbi əməliyyatların dayandırılmasını, İsrail qüvvələrinin qismən geri çəkilməsini, əsir mübadiləsini və Fələstin yaşayış məntəqələrinə humanitar yardımın tam çatdırılmasını nəzərdə tuturdu.

ABŞ Prezidenti Donald Trampın 20 maddəlik planının ikinci mərhələsi beynəlxalq sabitləşdirmə qüvvələrinin (ISF) yerləşdirilməsi, ‘‘Həmas’’ın tərksilah edilməsi, İsrail qüvvələrinin bölgədən tamamilə çıxarılması və Qəzzanı müvəqqəti idarə etmək üçün Fələstin komitəsinin yaradılmasını nəzərdə tutur.

Fələstinlilər İsraili atəşkəsi dəfələrlə pozmaqda ittiham edirlər. 2023-cü ilin oktyabr ayından etibarən Qəzzaya endirilən zərbələr nəricəsində əksəriyyəti qadın və uşaq olmaqla 70 mindən çox insan həlak olub, 170 mindən çox insan yaralanıb.

Qəzza səhiyyə rəsmilərinin məlumatına görə, atəşkəs qüvvəyə mindikdən sonra İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ən azı 395 fələstinli həlak olub, 1 088 nəfər yaralanıb.