İsrail atəşkəs sazişinin qüvvəyə mindiyini rəsmən elan etdi

İsrail ordusu "GMT saat 09:00-a olan məlumata görə, qoşunlar yeni əməliyyat yerləşdirmə xətlərində mövqelərini tutdular" açıqlamasını verdi

Qəzzada atəşkəs qərarı / AP

İsrail bu gün (10 oktyabr) verdiyi açıqlamada atəşkəs razılaşmasının 10 oktyabr 2025-ci il günorta saatlarında (GMT 09:00) qüvvəyə mindiyini bildirib.

İsrail ordusundan "Anadolu" agentliyinə göndərilən yazılı açıqlamada "Atəşkəs razılaşması İsrail vaxtı ilə saat 12:00-da qüvvəyə minib. Saat 12:00-dan etibarən ordu birlikləri atəşkəs razılaşması və qaçırılanların geri qaytarılması çərçivəsində müəyyən edilən yeni əməliyyat yerləşdirmə xətlərində mövqe tutub" deyilib.

Açıqlamada qoşunların cənub komandanlıq bölgəsinə yerləşdirildiyi və əlavə təfərrüatlar verilmədən “hər hansı təcili təhlükənin aradan qaldırılması üçün işlərini davam etdirəcəyi” ifadə edilib.

Bölgədən xəbər verən "Anadolu" agentliyinin müxbiri "Atəşkəsin qüvvəyə minməsi ilə İsrail ordusunun Əl-Rəşid və Səlahəddin yollarının nəqliyyata açıq olduğunu elan etməsindən sonra minlərlə məcburi köçkün fələstinli Qəzza zolağının cənubundan Əl-Rəşid küçəsi vasitəsilə Qəzza şəhərinə qayıtmağa başlayıb" deyib.

İsrail ordusu bu gün Qəzzadan qoşunlarının mərhələli şəkildə çıxarılmasının birinci prosesini başladıb. İsrail mediasının məlumatına görə, ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsini bitirmək planında qeyd olunan ərazilərə geri çəkilmə 24 saat ərzində tamamlanacaq.

İsrail Ordu Radiosunun məlumatına görə, Trampın planına uyğun olaraq həyata keçirilən mərhələli geri çəkilmə bu gün tamamlanacaq.