Çin və Hindistan beş illik fasilədən sonra birbaşa uçuşları bərpa etdilər
Çin və Hindistan beş illik fasilədən sonra oktyabrın 26-da birbaşa kommersiya uçuşlarını bərpa ediblər
"IndiGo"nun yeni Kalkutta-Quançjou marşrutunun istifadəyə verilməsi sərhəd toqquşmaları və pandemiyanın 2020-ci ildə səyahətləri dayandırmasından bəri iki nəhəng qonşu arasında ilk birbaşa hava əlaqəsinin bərpasına səbəb olub.
Çin və Hindistan beş illik fasilədən sonra oktyabrın 26-da birbaşa kommersiya uçuşlarını bərpa ediblər. Bu, 2020-ci il sərhəd toqquşması səbəbindən gərginləşmiş münasibətlərin bərpası istiqamətində ehtiyatlı bir addım olub.
İlk "IndiGo" uçuşu Kalkuttadakı Netaji Subhas Chandra Bose beynəlxalq hava limanından reallaşıb və 176 sərnişlə Quançjouya eniş edib. Hindistanın ən böyük aviaşirkəti iki şəhər arasında gündəlik birbaşa uçuşlar həyata keçirəcək.
Yeni Dehli bildirib ki, bu addım insanlar arasında təmasları artıracaq və ikitərəfli münasibətlərin tədricən normallaşmasına dəstək verəcək.
Şanxay və Yeni Dehlini birləşdirən ikinci marşrut 9 noyabrda istifadəyə veriləcək və həftədə üç dəfə fəaliyyət göstərəcək.
İki Asiya nəhəngi arasında hava səyahəti 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasının başlaması ilə dayandırılıb. Bu, həmin ilin iyun ayında Qalvan vadisində baş verən və 20 hind əsgərinin və naməlum sayda Çin əsgərinin ölümünə səbəb olan ölümcül toqquşmalardan sonra da davam edib.
Münasibətlər 2024-cü ilin oktyabr ayında Faktiki Nəzarət Xətti (LAC) boyunca gərginliyi azaltmağı hədəfləyən razılaşmadan sonra qismən yaxşılaşıb. Uçuşların bərpası dünyanın ən çox əhalisi olan iki ölkəsi arasında münasibətlərin normallaşması istiqamətində simvolik, lakin vacib bir addım kimi qəbul edilir.