Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə keçirilən etirazları xarici qüvvələr tərəfindən dəstəklənən çevriliş cəhdi adlandıraraq, Avropa İttifaqını Gürcüstan siyasətinə müdaxilə etməkdə ittiham edib.
Baş nazir oktyabrın 5-də (bu gün) verdiyi açıqlamada bildirib ki, prezident sarayına zorla daxil olmağa çalışan etirazçılar əslində hökuməti devirməyə cəhd göstəriblər. O, Avropa İttifaqını bu prosesdə Gürcüstanın daxili işlərinə qarışmaqda günahlandırıb.
Ölkədə yerli seçkilərin keçirildiyi gün müxalifət böyük bir etiraz aksiyası təşkil edib. Gürcüstan çevik polis qüvvələri isə oktyabrın 4-də prezident sarayı qarşısından etirazçıları uzaqlaşdırmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib, nəticədə beş nəfər saxlanılıb.
İ.Kobaxidzenin sözlərinə görə, aksiyada təxminən 7 min nəfər iştirak edib. O, Avropa İttifaqının dəstəyinə baxmayaraq, “konstitusiya quruluşunu devirməyə yönəlmiş cəhdin” uğursuzluğa düçar olduğunu bildirib.
Məsələylə bağlı Gürcüstanın “Interpress” xəbər agentliyi Baş nazirin sözlərini belə qələmə alıb: “Onlar hərəkətə keçdilər, çevriliş cəhdinə başladılar, uğursuz oldular və bundan sonra özlərini bu vəziyyətdən qurtarmağa başladılar. Heç kim məsuliyyətdən qaça bilməyəcək. Buna siyasi məsuliyyət də daxildir.” O, Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinskinin Gürcüstan siyasətinə müdaxilə etdiyini iddia edib və onu etirazları qınamağa çağırıb.
Baş nazir İ.Kobaxidze deyib: “Bildiyiniz kimi, xaricdən müəyyən şəxslər qəbul edilmiş konstitusiya quruluşunu devirmək cəhdinə birbaşa dəstək verdiklərini belə ifadə etdilər. Bu kontekstdə Avropa İttifaqının Gürcüstandakı səfiri xüsusi məsuliyyət daşıyır. O, çıxıb özünün bu hadisələrlə əlaqəli olmadığını elan etməli və Tbilisinin küçələrində baş verənləri qətiyyətlə qınamalıdır.”
Qeyd edək ki, Avropa İttifaqı hələlik bu ittihamlara münasibət bildirməyib. Lakin iyul ayında qurumun diplomatik xidməti Gürcüstan rəsmilərinin Avropa İttifaqının ölkədəki roluna dair ittihamlarını rədd etmişdi.
Aİ-nin iyul ayında yaydığı bəyanatda deyilir: “Son vaxtlar Avropa İttifaqının Gürcüstanı qeyri-sabitləşdirməyə, müharibəyə sürükləməyə və ya guya qeyri-ənənəvi dəyərləri sırımağa çalışdığına dair verilən açıqlamalar ictimaiyyəti qəsdən aldatmağa yönəlmiş bir təşəbbüsdür.”
Xatırladaq ki, hakim “Gürcü Arzusu” partiyası oktyabrın 4-də açıqlama verərək, 3,7 milyon əhalisi olan Cənubi Qafqaz ölkəsində müxalifətin iki böyük blokunun boykot etdiyi seçkilərdə bütün bələdiyyələrdə qələbə qazandıqlarını bildirib.















