2025-ci il qeydlərə görə ən isti üçüncü il olub

Aİ alimlərinin fikrincə, 2025-ci ildə qlobal temperatur rekord səviyyələrə yaxın qalmaqda davam edib və planetin üçüncü ən isti ili olub

By
İqlim dəyişikliyi / Reuters

Avropa İttifaqı alimlərinin bildirdiyinə görə, planet 2025-ci ildə qeydlərdə üçüncü ən isti ilini yaşayıb və orta temperatur üçillik dövrdə 1,5 °C həddini keçib. Bu, qeydlərin aparılmağa başlandığı vaxtdan bəri müşahidə edilən ən uzun müddətdir.

Avropa İttifaqıhıh Orta Müddətli Hava Proqnozları üzrə Avropa Mərkəzinin (ECMWF) bu gün (14 yanvar 2025) açıqladığı məlumatlara əsasən, son üç il qeydlərin başladığı vaxtdan bəri planetin ən isti üç ili olub. 2025-ci il 2023-cü ildən cəmi 0,01 °C daha sərin qeydə alınıb.

Böyük Britaniyanın milli hava xidməti “UK Met Office” öz məlumatlarının da 1850-ci ilə gedib çıxan qeydlərdə 2025-ci ili üçüncü ən isti il kimi göstərdiyini təsdiqləyib. Dünya Meteorologiya Təşkilatı temperatur məlumatlarını daha sonra elan edəcək.

Qeydlərdə ən isti il 2024-cü il olub.

Ekstremal hava hadisələri

ECMWF həmçinin qeyd edib ki, planet orta qlobal temperaturun sənayeöncəsi dövrdən 1,5 °C yüksək olduğu ilk üçillik dövrü də yaşayıb. Bu hədd alimlərin qlobal istiləşmənin ciddi, bəzilərinin isə geri dönməz təsirlər yaradacağını proqnozlaşdırdıqları səviyyədir.

ECMWF-nin İqlim üzrə Strateji Rəhbəri Samantha Burgess bildirib: “1,5 °C uçurum deyil. Lakin biz bilirik ki, hər bir dərəcə çox önəmlidir, xüsusən də ekstremal hava hadisələrinin daha da pisləşməsi baxımından”.

Hökumətlər 2015-ci il Paris Sazişi çərçivəsində sənayeöncəsi dövrlə müqayisədə onilliklər ərzində orta temperatur artımının 1,5 °C-ni keçməməsi üçün çalışacaqlarına dair öhdəlik götürmüşdülər.

ECMWF qeyd edib ki, istixana qazı emissiyalarının azaldılmasında uğursuzluqlar bu səviyyənin 2030-cu ildən əvvəl keçilə biləcəyi anlamına gəlir. Bu isə 2015-ci ildə Paris Sazişi imzalanarkən edilən proqnozlardan təxminən on il əvvələ təsadüf edir.

Avropa İttifaqının Kopernikus İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo deyib: “Bu həddi aşmağımız qaçılmazdır. Hazırda seçimimiz qaçılmaz aşmanı və bunun cəmiyyətlər və təbii sistemlər üzərindəki nəticələrini ən yaxşı şəkildə necə idarə edəcəyimizdir”.

Siyasi əks-reaksiyalar

ECMWF-yə görə, hazırda dünyanın uzunmüddətli istiləşmə səviyyəsi sənayeöncəsi dövrdən təxminən 1,4 °C yuxarıdır. Qısamüddətli ölçmələrə əsasən isə dünya artıq 2024-cü ildə 1,5 °C həddini keçib.

Uzunmüddətli 1,5 °C həddinin aşılması, hətta müvəqqəti olsa belə daha isti və daha uzun sürən istilik dalğaları, eləcə də daha güclü fırtınalar və daşqınlar daxil olmaqla, daha geniş yayılmış və daha şiddətli təsirlərə səbəb olacaq.

2025-ci ildə Avropadakı meşə yanğınları qeydlərdə ən yüksək ümumi emissiyaya səbəb olub. Elmi tədqiqatlar Karib hövzəsində Kasırğa Melissa və Pakistanda mindən çox insanın həlak olduğu musson yağışları da daxil olmaqla, müəyyən hava hadisələrinin iqlim dəyişikliyi səbəbindən daha da pisləşdiyini təsdiqləyib.

Bu ağırlaşan təsirlərə baxmayaraq, iqlim elmi artan siyasi müqavimətlə üzləşir. İqlim dəyişikliyini “ən böyük aldadılmaq” adlandıran ABŞ prezidenti Donald Tramp ötən həftə Birləşmiş Millətlər Təşkilatına bağlı onlarla qurumdan, o cümlədən elmi Hökumətlərarası İqlim Dəyişikliyi Panelindən (IPCC) çəkildiyini elan edib.

Dünya alimləri arasında uzun müddətdir formalaşmış ümumi mövqe ondan ibarətdir ki, iqlim dəyişikliyi realdır, əsasən sənaye fəaliyyətləri nəticəsində yaranır və getdikcə pisləşir. Bunun əsas səbəbi atmosferdə istiliyi saxlayan kömür, neft və qaz kimi fosil yanacaqların yandırılması nəticəsində yaranan istixana qazı emissiyalarıdır.