Ursula fon der Leyen və Mark Rutte birgə mətbuat konfransında çıxış ediblər
Ursula fon der Leyen deyib: "Aktivlərə həbs qoyulmur. Əgər Rusiya təzminat ödəsə, Ukrayna krediti geri ödəməlidir"
Avropa Komissiyasının sədri Ursula fon der Leyen NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransında dondurulmuş Rusiya aktivlərinin müsadirə edilmədiyini və Moskvanın təzminat ödəməsi halında Ukraynanın krediti qaytaracağını bir daha açıqlayıb.
Ursula fon der Leyen deyib: "Aktivlərə həbs qoyulmur. Əgər Rusiya təzminat ödəsə, Ukrayna krediti geri ödəməlidir".
O, Ukraynaya hərbi dəstək üçün Rusiyanın dondurulmuş aktivlərinə əsaslanan təzminat krediti ideyasını irəli sürdüyünü və kreditin birdəfəlik deyil, mərhələli şəkildə və müəyyən şərtlərlə verilməli olduğunu qeyd edib.
Ursula fon der Leyen vurğulayıb ki, əgər Ukrayna “birinci müdafiə xətti”dirsə tərəfdaşlar Ukraynaya hərbi yardımı artırmalıdırlar.
‘‘Avropa Komissiyasının Ukraynanı SAFE (Avropanın Təhlükəsizliyi üçün Plan) və digər təşəbbüslərlə ən yaxşı vəziyyətə gətirmək üçün gördüyü işlər çox önəmlidir. Bu, Ukraynanın həm müharibədə, həm də gələcək sülh danışıqlarında ən güclü mövqedə olmasına kömək edir’’, — deyə Mark Rutte öz növbəsində qeyd edib.
Polşa ilə Estoniyada baş verən hadisələr və Danimarkanın paytaxtı Kopenhagendə hava limanlarında müşahidə olunan pilotsuz uçuş aparatları (PUA) məsələsinə toxunan Mark Rutte deyib: "Hava məkanımızı qorumalıyıq. Bu səbəbdən PUA-lardan müdafiə təşəbbüsü vaxtında və zəruri addımdır".
Rusiyanın son hava məkanı pozuntularından sonra Aİ ölkələri pilotsuz uçuş aparatlarından müdafiə sistemi yaradılması ilə bağlı ilk müzakirələrini keçiriblər. Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib: "Bu təşəbbüs bütün Avropaya xidmət edəcək".
Polşa, Rumıniya, Latviya, Estoniya, Norveç və Danimarka daxil olmaqla bir sıra Aİ ölkələri hava məkanının pozulması ilə bağlı məlumat veriblər. Bəzi PUA-ların isə Rusiyaya aid olduğu təsdiqlənib.