Çin Everest dağının yamaclarında qar fırtınasına düşən 580 alpinisti xilas edib

Bu barədə “Şinxua” xəbər agentliyi yerli hökumət orqanlarına istinadən məlumat yayıb

Çin Everest dağının yamaclarında qar fırtınasına düşən 580 alpinisti xilas edib / Reuters

Çin hakimiyyəti Everest dağının şərq yamaclarında qapalı qalan 580 alpinisti xilas edib.

Bu barədə “Şinxua” xəbər agentliyi yerli hökumət orqanlarına istinadən məlumat yayıb. Bildirilib ki, alpinistlər və yerli bələdçilər də daxil olmaqla 300-dən çox adam Qudenq şəhəri və ətraf ərazilərə təhlükəsiz şəkildə evakuasiya olunub.

Yerli media orqanları bildirir ki, həftə sonu baş verən qar fırtınası nəticəsində Tibet və Qinqhai bölgələrində azı bir alpinist ölüb, təxminən 1000 nəfər isə qapalı qalıb. Çovğun yolları bağlayıb və çadırların dağılmasına səbəb olub.

Oktyabrın 3-də axşam saatlarında Dinqriyə yağan güclü qar Qudenq yaxınlığındakı dağ yollarında gəzintiyə çıxan alpinistlərə mənfi təsir göstərib.

Dinqri əyalətinin səlahiyyətliləri bazar günü şiddətli hava şəraiti səbəbindən Qomolanqma dağının mənzərəli ərazisi də daxil olmaqla bir neçə turizm obyektinin müvəqqəti bağlandığını elan edib.