Türkiyə şirkəti “Plan-S”in orbitdəki peyk sayı 16-ya çatıb
Yeni “Connecta” peykləri “SpaceX” missiyası çərçivəsində orbitə buraxılıb
Türkiyənin qlobal kosmik sektorunda aparıcı şirkətlərindən biri olan “Plan-S” şirkəti “SpaceX”in “Twilight” missiyası çərçivəsində dörd yeni “Connecta” (Internet of Things) peykini uğurla orbitə çıxararaq aktiv “IoT” peyklərinin sayını 16-ya yüksəldib.
Yanvarın 12-də yayımlanan şirkət açıqlamasında bildirilib ki, Türkiyə mərkəzli layihə peyklərin dizaynı, sınaqları, istehsalı və inteqrasiyası da daxil olmaqla bütün prosesi öz daxilində həyata keçirərək buraxılışı tamamlayıb.
“Plan-S” dörd yeni peykin əlavə olunması ilə “Connecta” brendi altında təqdim etdiyi peyk əsaslı “IoT” xidmətlərinin tutumunu genişləndirməyi və qlobal bazarda rəqabət qabiliyyətini daha da artırmağı hədəfləyir.
Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində fəaliyyət göstərən “Plan-S” yerli resurslardan istifadə etməklə peyk alt sistemləri və yerüstü sistemlərin hazırlanmasını davam etdirir.
Şirkət “Connecta” brendi ilə qlobal “IoT” rabitə xidmətləri təqdim etdiyi kimi, “Observa” brendi altında da kosmik əsaslı məlumat analizi xidmətləri göstərir. Bildirilib ki, bu xidmətlər üçün tələb olunan bütün texnoloji infrastruktur yerli istehsaldır.
“Plan-S” beynəlxalq böyümə strategiyasının bir hissəsi olaraq xaricdə lisenziyalaşdırma və səlahiyyətləndirmə işlərini sürətləndirib. Şirkət Türkiyə, Avstraliya, İsveç və Danimarkada lisenziyalaşdırma proseslərini tamamlayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, İndoneziya və Pakistanda isə bazara çıxış üçün danışıqlar davam edir.
“Plan-S” həmçinin Türkiyədə “Türk Telekom”un infrastrukturu ilə inteqrasiya olunmuş peyk əsaslı “IoT” xidmətlərinin göstərilməsi məqsədilə telekommunikasiya operatoru ilə əməkdaşlıq sazişi imzalayıb.
“Plan-S”in baş icraçı direktoru Özdemir Gümüşay bildirib ki, şirkətin yerli olaraq hazırladığı texnologiyalar qlobal miqyasda böyümə hədəflərini dəstəkləyir və bazar tələblərinə operativ cavab verməyə imkan yaradır.