Stiv Vitkoff: ''Rusiya-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olundu''
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukrayna və Rusiya arasında aparılan danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunduğunu bildirib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukrayna və Rusiya arasında aparılan danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunduğunu bildirib.
Rəsmi "X" səhifəsində paylaşım edən Stiv Vitkoff deyib: ‘‘Prezident Donald Trampın hər iki tərəfi bir araya gətirmək səyləri mənalı irəliləyişlə nəticələnib. Onun rəhbərliyi altında bu dəhşətli münaqişədəki insan itkilərinə son qoymaq üçün çalışmaqdan qürur duyuruq. Tərəflər öz liderlərini məlumatlandırmaq və yekun razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəliblər’’.
Ukrayna və Rusiya nümayəndələrinin ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarının ikinci mərhələsinə başlayacağı gözlənilsə də, münaqişənin tezliklə başa çatacağına dair konkret əlamət yoxdur.
Bu danışıqlar yüz minlərlə insanın ölümü, milyonlarla insanın didərgin düşməsi və Ukraynanın şərqi ilə cənubunun viran qalması ilə nəticələnən müharibəni dayandırmaq üçün göstərilən son diplomatik səydir.
Amerika Birləşmiş Ştatları təxminən dörd ildir davam edən müharibəni sona çatdırmaq üçün səylər göstərir, lakin rəsmi Moskva ilə Kiyev arasında ərazi məsələləri üzrə razılıq əldə etmək hələlik mümkün olmayıb.
Tərəflər arasında Əbu-Dabidə keçirilən əvvəlki iki görüş də ciddi irəliləyişlə nəticələnməyib.
Rusiya nümayəndə heyətinə yaxın mənbə anonimlik şərti ilə AFP agentliyinə müsahibəsində son danışıqlaron çox gərgin keçdiyini bildirib. Onun sözlərinə görə, görüş təxminən altı saat davam edib və artıq başa çatıb.
Ukrayna Prezidenti Volodimir Zelenski verdiyi açıqlamada müharibəni dayandıracaq razılaşmaya doğru sürətlə irəliləməyə hazır olduqlarını deyib. O, rəsmi Moskvanı diplomatiyadan daha çox raket hücumlarına üstünlük verdiyini qeyd edib.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə böyük dağıntılara səbəb olub, bir çox şəhərlər ciddi şəkildə zərər görüb.
Cenevrədə keçirilən danışıqlarda Rusiya nümatəndə heyətinə Vladimir Medinskini, Ukrayna heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edib.