Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün həbs olunacaq

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə cinayət əlaqəsinə girməkdə təqsirli bilinib

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün həbs olunacaq / Reuters

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə cinayət əlaqəsinə girməkdə təqsirli bilinib. O, oktyabrın 21-də həbs olunacaq.

Nikola Sarkozi Fransa tarixində həbs olunan ilk keçmiş prezident olub. Sarkozinin oğlu Lui atasına dəstək olmaq üçün Sarkozinin və həyat yoldaşı Karla Bruni-Sarkozinin yaşadığı dəbdəbəli Paris məhəlləsində mitinq keçirməyə çağırıb.

Qeyd edək ki, Karla Bruni-Sarkozi məhkəmənin N.Sarkozi ilə bağlı qərarından sonra sosial media hesablarında Sarkozinin uşaqlarının fotolarını və müxtəlif mahnılarını paylaşaraq həyat yoldaşına dəstək olub.

Fransa prezidenti Emmanuel Makron ötən həftə Nikola Sarkozini Yelisey Sarayında qonaq etmişdi. Makron bazar ertəsi verdiyi müsahibədə deyib:
"Mən məhkəmə sisteminin müstəqilliyi ilə bağlı həmişə açıq danışmışam, lakin bu kontekstdə sələflərimdən birini sarayda qəbul etmək humanist bir addım idi’’.

Sarkozi “Le Figaro” qəzetinə verdiyi müsahibədə bildirib ki, o, təkadamlıq kamerada qalacaq. Başqa bir ehtimal odur ki, o, həbsxananın "həssas" məhbuslar üçün nəzərdə tutulmuş, xalq arasında "VIP bölmə" kimi tanınan hissəsində qalacaq.

Sarkozi "La Tribune Dimanche" qəzetinə müsahibəsində deyib:
"Mən həbsdən qorxmuram. ‘‘La Sante’’ həbsxanasının qapılarında belə başım dik olacaq. Mən sona qədər mübarizə aparacağam’’.

Nikola Sarkozi “Le Figaro” qəzetinə bildirib ki, ona oxuması üçün üç kitab icazə veriləcək, onlardan biri Aleksandr Dümanın “Qraf Monte Kristo” əsəridir. Bu kitabda qəhrəman həbsxanadan qaçaraq qisas alır.

Paris hakimi cinayətin ictimai asayişə vurduğu ciddi ziyana görə Sarkozinin apellyasiya şikayətini gözləmədən həbs cəzasını çəkməyə başlamasına qərar vermişdi.

Qərara əsasən, 70 yaşlı Sarkozi yalnız həbs olunduqdan sonra apellyasiya məhkəməsinə azadlığa buraxılması üçün müraciət edə biləcək.