Türkiyədə nadir torpaq elementlərinin idarə edilməsi üçün komissiyanın yaradılması təklif olunub

Bu barədə məlumatı Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) Mədən Şurasının sədri İbrahim Halil Kırsan verib

By
Türkiyədə nadir torpaq elementlərinin idarə edilməsi üçün komissiyanın yaradılması təklif olunub / Reuters

Nadir torpaq elementlərinin (REE) potensialını qiymətləndirmək məqsədilə Türkiyədə kritik minerallar üzrə yeni qurumun yaradılması təklifi irəli sürülüb. Bu barədə məlumatı Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) Mədən Şurasının sədri İbrahim Halil Kırsan verib.

Kırsan Anadolu Agentliyinə müsahibəsində bildirib ki, nadir torpaq elementləri elektrik nəqliyyat vasitələri (EV), batareyalar, bərpa olunan enerji, sənaye robotları və müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdə geniş istifadə olunur. O, vurğulayıb ki, bu minerallar Çin, ABŞ və Avropa İttifaqı arasında ticarət münaqişələrinin əsasını təşkil edir.

Kırsan qeyd edib ki, REE və digər kritik minerallar “yeni sənaye inqilabı” çərçivəsində ölkələrin geosiyasi prioritetlərini yenidən formalaşdırır. Kırsan deyib: “Dünya 1970-ci illərin neft şoklarına bənzər mineral təchizatı böhranına doğru gedir. Minerallar yeni neftə çevrilir”.

Kırsan bildirib ki, rəqəmsallaşdırma və elektrikləşdirmə, eləcə də təmiz enerji texnologiyalarının artması inkişaf etmiş ölkələrin kritik və strateji minerallara çıxışı milli təhlükəsizlik məsələsi kimi görməsinə səbəb olur.

Türkiyənin mineral müxtəlifliyinə görə səkkizinci, ehtiyatlarına görə 22-ci, dəyərinə görə isə 28-ci yerdə olduğunu bildirən Kırsan ölkəni “REE sahəsində aparıcı namizədlərdən biri” adlandırıb.

Kırsan bildirib ki, eksperimental tədqiqatların müsbət nəticələrindən sonra Eti Madenin Orta Anadoludakı (Əskişəhər, Beylikova) pilot zavodunda işlər davam edir.

İbrahim Halil Kırsan qeyd edib ki, dövlət müəssisələri və universitetlər daxilində NTE və kritik mineral tədqiqatlarının əlaqələndirilməsi üçün Milli Kritik Minerallar Strategiyası Sənədi hazırlanmalı, Kritik Minerallar Texnologiyası İnstitutu və ya Kritik Minerallar Müdirliyi yaradılmalıdır.

Kırsan həmçinin vurğulayıb ki, Türkiyədə nadir torpaq elementlərinə görə məsuliyyət hazırda üç nazirlik arasında bölüşdürülüb: Enerji və Təbii Sərvətlər Nazirliyi xammal, Sənaye və Texnologiya Nazirliyi emal olunmuş məhsullar, Milli Müdafiə Nazirliyi isə müdafiə və təhlükəsizlik sahəsində istifadəyə nəzarət edir.

“Buna görə də, üç nazirliyin mütəxəssislərindən ibarət komissiya vasitəsilə tapşırıqlar və qaydalar müəyyən ediləcək və təklif olunan struktur üçün hüquqi çərçivə yaradılacaq’’,-deyə İbrahim Halil Kırsan qeyd edib.

TOBB rəsmisi bildirib ki, bu qurum Türkiyənin mədən potensialını, sektorun mineral və metal ehtiyaclarını təklif və tələb əsasında qiymətləndirəcək və mədən layihələrinin nəticə verməsini təmin edəcək.