''İsrail hücum zamanı İranın yüksək vəzifəli rəhbərlərini hədəf alıb''
Bu barədə ''Axios'' nəşrinin yaydığı məlumatda bildirilib
"Axios" nəşrinin fevralın 28-də yaydığı məlumata görə, İsrail ordusunun həyata keçirdiyi son hava hücumlarında İranın ali dini lideri Əli Xamenei və Prezident Məsud Pezeşkian da daxil olmaqla, ölkənin yüksək vəzifəli siyasi və hərbi rəhbərliyi hədəf alınıb. ABŞ-ın yüksək vəzifəli rəsmisi İsrailin İranın komandanlıq heyətinə və siyasi liderlərinə hücum etdiyini təsdiqləyib. İsrailin “Kanal 12” telekanalının məlumatına görə, Təl-Əvivdə aparılan ilkin qiymətləndirmələr İranın nüvə proqramına cavabdeh olan və ali liderin müşaviri kimi fəaliyyət göstərən Əli Şamxaninin öldürülmə ehtimalının yüksək olduğunu göstərir.
İran Xarici İşlər Nazirliyi yayılan bəzi xəbərləri təkzib edərək, xarici işlər naziri Abbas Əraqçinin səhhətinin yaxşı olduğunu bildirib. Rəsmi Tehran hələlik digər yüksək vəzifəli şəxslərin aqibəti ilə bağlı hər hansı açıqlama verməyib.
Hücumlar Vaşinqton və Tehran arasında Omanın vasitəçiliyi ilə İranın nüvə proqramına dair danışıqların davam etdiyi bir vaxtda həyata keçirilib. Cenevrədə keçirilən sonuncu görüş fevralın 26-da yekunlaşmışdı.
Xatırladaq ki, ötən ilin iyun ayında 12 gün davam edən İsrail-İran müharibəsi zamanı ABŞ İranın üç nüvə obyektinə zərbələr endirmişdi.