Suriya Prezidenti Rusiyaya səfər edib
Suriya Prezidenti Əhməd Şəra yanvarın 28-də Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya rəsmi səfər edib
Suriya Prezidenti Əhməd Şəra yanvarın 28-də Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya rəsmi səfər edib. SANA xəbər agentliyinin məlumatına görə, bu, Ə.Şəranın son dörd ay ərzində Rusiyaya həyata keçirdiyi ikinci səfərdir. Suriya liderinin ölkəyə səfəri Rusiyanın dövlət kanalı "Rossiya-24" vasitəsilə canlı yayımlanıb.
Kremlin sözçüsü Dmitri Peskov keçirdiyi mətbuat konfransında bildirib ki, dövlət başçıları ikitərəfli münasibətlərlə yanaşı, Rusiyanın Suriyadakı hərbi mövcudluğunu da müzakirə edəcəklər. D.Peskov Suriyada hakimiyyət dəyişikliyindən sonra Moskva ilə Dəməşq arasında əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini vurğulayıb.
Media orqanlarında yayılan Bəşər Əsədin ekstradisiyası ilə bağlı iddialara toxunan Peskov "Biz Əsəd məsələsi ilə bağlı şərh vermirik" deyərək sualları cavabsız qoyub. D.Peskov Suriya hökumətinin Rusiyadan Qamışlıdakı aerodromdan çıxmasını tələb etməsi barədə xəbərlərlə bağlı bildirib ki, silahlı qüvvələrin yerləşdirilməsi məsələləri birbaşa Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir.
Kreml tərəfindən verilən rəsmi açıqlamada görüşün əsas məqsədinin Suriyadakı keçid prosesi və Yaxın Şərqdəki mövcud inkişafları qiymətləndirmək olduğu bildirilib. Danışıqların müxtəlif sahələrdə ikitərəfli əlaqələrin gələcək perspektivlərini müəyyən edəcəyi gözlənilir.