Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub"

Paşinyan Ermənistan-Azərbaycan sülh sazişinin rəsmiləşdiriləcəyinə və Ermənistan-Türkiyə sərhədinin açılacağına ümid etdiyini ifadə edib

İlham Əliyev -Nikol Paşinyan / AP Archive

Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkdakı BMT Baş Assambleyasında etdiyi çıxışda ölkəsinin Azərbaycanla sülhə nail olduğunu elan edib. O, bu tarixi razılaşmada ABŞ Prezidenti Donald Trampın həlledici rol oynadığını vurğulayıb.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri 8 avqustda Vaşinqtonda “sülh və dövlətlərarası münasibətlər” adlı saziş imzalayıblar. Sazişə Tramp və Azərbaycan Prezidenti İlham Əliyev də şahidlik edib.

“ABŞ Prezidenti Donald Trampın bu sülh prosesindəki rolu həlledici olub. Həm mən, həm də Prezident Əliyev onu Nobel Sülh Mükafatına namizəd göstərmək barədə razılığa gəlmişik,” – deyə Paşinyan qeyd edib.

Ermənistanın Baş naziri Türkiyə ilə münasibətlərin yaxşılaşmasına da diqqət çəkib. O, Prezident Rəcəb Tayyib Ərdoğanla müntəzəm görüşlər keçirdiklərini, diplomatik əlaqələrin qurulması və ortaq sərhədin açılması məsələsində nikbin olduğunu bildirib.

Paşinyan çıxışında Ermənistanın beynəlxalq münasibətlər sahəsində atdığı addımlara da toxunub. Onun sözlərinə görə, Ermənistan parlamenti Avropa İttifaqına üzvlük üçün müraciət prosesini başlatmaq məqsədilə qanun qəbul edib. O, ölkəsinin ABŞ, Rusiya, Çin, Hindistan və digər regional qonşularla əlaqələrini daha da dərinləşdirmək niyyətində olduğunu bildirib.

Sonda Paşinyan dünya liderlərini 2026-cı ildə Ermənistanda keçiriləcək Avropa Siyasi İcması Zirvəsi və BMT-nin Biomüxtəliflik Konfransında iştirak etməyə dəvət edib. O, həmin vaxta qədər Ermənistan-Azərbaycan sülh sazişinin rəsmiləşdiriləcəyinə və Ermənistan-Türkiyə sərhədinin açılacağına ümid etdiyini ifadə edib.