R.T.Ərdoğan Suriyada əldə olunan atəşkəsi müsbət qarşılayıb

Türkiyə Prezidenti R.T.Ərdoğan Suriyada sabitliyin saxlanılması vacibliyini vurğulayaraq qalıcı həllə çağırış edib

By
R.T.Ərdoğan Suriyada əldə olunan atəşkəsi müsbət qarşılayıb / AA

Yanvarın 21-də (bu gün) parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları qarşısında çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara hər zaman ən güclü şəkildə vahid Suriya dövlətinin tam ərazi bütövlüyünün və siyasi birliyinin qorunmasını müdafiə edib.

Qeyd edək ki, Suriya Prezident Administrasiyası yanvarın 20-də yaydığı açıqlamada YPG terror təşkilatı ilə müəyyən razılığa gəlinməsini, Hasəkənin praktik inteqrasiyası üçün yol xəritəsi üzərində işlənməsi məqsədilə YPG-yə dörd günlük müddət verildiyini və bu vaxt ərzində atəşkəsin qüvvədə qalacağını bildirib. YPG isə sonradan verdiyi açıqlamada atəşkəsə tam əməl etdiyini bəyan edib.

Prezident R.T.Ərdoğan bundan sonra Suriyada təxribatlara əl atmaq cəhdinin “intihar mənasına gələcəyini” qeyd edərək, sabitliyin qorunmasının zəruri olduğunu bir daha vurğulayıb.

Dövlət başçısı R.T.Ərdoğan əlavə olaraq qeyd edib ki, Suriyada tam inteqrasiya yeni bir dövrün başlanğıcını müjdələyəcək və sabitliyin faydaları ən çox Suriya kürdləri tərəfindən hiss olunacaq.

“Bizim heç bir ölkənin ərazisində marağımız yoxdur və heç bir dövlətin daxili işlərinə qarışmırıq. Lakin ölkəmizin maraqlarına zərər verilməsinə də imkan verməyəcəyik”, – deyə Prezident R.T.Ərdoğan bildirib.

Ölkə rəhbəri R.T. Ərdoğan həmçinin ABŞ prezidenti Donald Tramp ilə apardığı telefon danışığı zamanı Suriyanın təhlükəsizliyinə töhfə verəcək müxtəlif məsələləri, o cümlədən DEAŞ-la mübarizə üzrə birgə səyləri müzakirə etdiklərini söyləyib.