D.Tramp Əfqanıstan–Pakistan toqquşmasını həll edəcəyini bildirib

Amerika prezidenti İsrailə səfəri öncəsi təyyarədə jurnalistlərə verdiyi müsahibəsində Əfqanıstan–Pakistan arasındaki məsələyə toxunub

D.Tramp Əfqanıstan–Pakistan toqquşmasını həll edəcəyini bildirib / Reuters

ABŞ prezidenti Donald Tramp oktyabrın 12-də verdiyi açıqlamada, müharibələri həll etməkdə təcrübəli olduğunu bildirərək, Əfqanıstan və Pakistan arasında son gərginliyi aradan qaldıracağına söz verib.

İsrailə səfəri öncəsi “Air Force One” təyyarəsində jurnalistlərə müsahibə verən D.Tramp deyib: “Bu, mənim həll etdiyim səkkizinci müharibə olacaq. Eşitdiyimə görə, hazırda Pakistanla Əfqanıstan arasında müharibə var. Mənə dedilər ki, Yaxın Şərqdən qayıdana qədər gözləməliyəm. Çünki hazırda başqa bir münaqişəni həll edirəm. Qeyd edim ki, müharibələri həll etməkdə, sülhü təmin etməkdə məharətliyəm. Bunu etmək mənim üçün bir şərəfdir. Mən milyonlarla həyatı xilas etmişəm”.

Qeyd edək ki, oktyabrın 12-də baş verən toqquşmalar, 2021-ci ildə “Taliban”ın Əfqanıstana yenidən nəzarəti ələ keçirməsindən sonra Pakistanla arasında yaşanan ən qanlı döyüşlər kimi qiymətləndirilir. Gecə boyunca davam edən qarşıdurmalarda onlarla əsgərin həlak olduğu bildirilib. Məsələylə bağlı məlumatı həm Əfqanıstan, həm də Pakistan tərəfi təsdiqləyib.

“Taliban” rəhbərliyinin bildirdiyinə görə, gərginliyin artmasına səbəb kimi, Pakistan ordusunun ölkənin hava məkanını pozaraq, oktyabrın 9-da gecə saatlarında Pakistanla sərhəddə yerləşən Paktika vilayətinin Marğa bölgəsindəki bazarı bombalaması olub.

Xatırladaq ki, Amerika prezidenti D.Trampın oktyabrın 13-də (bu gün) İsrailə səfər edərək girovların ailələri ilə görüşəcəyi və Knessetdə (İsrail parlamentində) çıxış edəcəyi gözlənilir.

Daha sonra isə ABŞ prezidenti Misirin Şarm əl-Şeyx şəhərinə gedəcək və burada keçiriləcək “Şarm əl-Şeyx Sülh Zirvəsi”ndə dünya liderləri ilə birgə iştirak edəcək.

Rəsmi Qahirənin açıqlamasına görə, D.Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən birgə sədrlik ediləcək zirvə, “Qəzzadakı müharibəyə son qoymağı, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olunması istiqamətində səyləri gücləndirməyi və regional təhlükəsizliyin yeni mərhələsini başlatmağı” hədəfləyir.