Türkiyənin valehedici yürüş marşrutu - Likya yolu
PUBLİSİSTİK YAZILAR
5 dəqiqə oxuma
Türkiyənin valehedici yürüş marşrutu - Likya yolu“Time Out” jurnalında bəhsi keçən bu unikal cığırda nələrin olduğunu gəlin birlikdə kəşf edək
Türkiyənin valehedici yürüş marşrutu - Likya yolu

Bu gün sizi Türkiyənin bəlkə də ən valehedici yürüş marşrutu olan Likya yoluna aparırıq. “Time Out” jurnalının “Dünyanın ən gözəl yürüş marşrutları” siyahısında zirvədə qərarlaşan bu unikal cığırda nələrin olduğunu gəlin birlikdə kəşf edək.

Likya yolunun yaradıcısı dünyaca məhşur fotoqraf və yazıçı Keyt Klou Sidimada keçirdiyi o axşamı hələ də xatırlayır. O, keçmişdə Likyanın şəhərlərindən biri olan, bu gün isə Muğla vilayətində sakit bir dağ kəndinə çevrilmiş bu marşrut xəttini 1990-cı illərin sonlarında ilk dəfə xəritələşdirməyə başlamışdı.

Keyt Klou günəşin Ağdağ silsiləsini çəhrayı və krem rəngli çalarlarına boyadığı anı və qarla örtülü yamaclardan yüksələn ay işığını xatırlayır. 76 yaşlı K.Klou deyir ki, həmin axşam Likya yolu öz ruhunu tam şəkildə əks etdirdi. Onun sözləri ilə desək: “Orada atılan hər addım zamanda atılan bir addım kimidir.”

Bəs Likya yolu nədir? Muğlanın turizm mərkəzi Fethiyedən başlayaraq Antalyanın yüksəkliklərinə qədər uzanan bu marşrut 700 kilometrdən çox məsafəni əhatə edir. Lakin bu yer yürüş yolu olmaqla yanaşı təxminən 3 min illik bir sivilizasiyanın izləri ilə addımlamaq deməkdir.

K.Klou bildirir ki, bu gün bu istiqamətdə yürüş edənlər bir vaxtlar tacirlərin, əsgərlərin və kəndlilərin istifadə etdiyi marşrutla hərəkət edirlər.

Likya sivilizasiyası, konstitusiyası və seçilmiş nümayəndələri ilə dünyanın ən demokratik birliklərindən birini qurması ilə tanınır. Fethiyedən şərqə doğru irəlilədikcə qarşınıza çıxan Letoon, Ksantos, Olimpos və Faselis kimi məkanlar Aralıq dənizi antik irsinin möhtəşəm bir toplusunu xatırladır.

Patara şəhərində, Likya Birliyinin toplandığı bərpa olunmuş məclis binasının önündən keçmək mümkündür. Bu marşrutu on ildən artıq araşdıran yaponiyalı antropoloq Eisuke Tanaka “TRT World”ə verdiyi müsahibədə belə deyir: “Oradaykən hətta qədim romalıları belə təsirləndirmiş bir modelin qarşısında dayandığınızı durub düşünürsüz.”

Yüksəkliklərdə yerləşən qədim Pinara şəhəri qayalara oyulmuş arı pətəyini xatırladan məzarları ilə diqqət çəkir. Buranın yerli bələdçiləri bu dağı sanki içində pəncərələr olan bir yer kimi təsvir edirlər.

Seydikemer yaxınlığındakı qədim Likya şəhəri olan Tlosun yüksəkliklərindən Ksantos vadisi görünür. Daha sakit olan Sidima isə — Keyt Klounun otuz ildən çox yaşadığı kənd — məbədlərini və məzarlarını zeytun ağacları və daş evlər arasında gizlədir.

Dənizə yaxın ərazilərdə yerləşən Fellos və onun limanı Antifellos bu günkü Kaş rayonunun yuxarısında yerləşir. Sahil boyu Pidnai şəhərinin alçaq daş divarları qumluqlar arasında qalır, Kaleköy kimi tanınan Simena qalası isə dənizdəki qayıqlara və sahildə yarı batmış Likya sarkofaqlarına, yəni məzarlarına tamaşa edir.

Bu gün Demre kimi tanınan qədim Mira şəhərində yürüyüşçülər qayaya oyulmuş məzarlar və Müqəddəs Nikolaya aid edilən kilsə arasında dolaşırlar. Ən qədim şəhərlərdən biri olan Faselisdə üç liman hövzəsi hələ də suyun formasını müəyyən edir. Daha şərqdə yerləşən Olimpos xarabalıqları isə meşə içindən keçən çay yatağı boyunca Aralıq dənizinə açılır. Rəvayətə görə, Makedoniyalı İsgəndər də bu mənzərəyə tamaşa etməkdən zövq alıb. “Bu, divarları olmayan açıq hava muzeyində gəzməyə bənzəyir. Tarixdən əvvəlki dövrdən başlayaraq klassik, Bizans və Osmanlı dövrünə ait qalıntıları yalnız düşüncə ilə deyil, bədəninizlə də hiss edirsiniz,” — deyə antropoloq E.Tanaka bildirir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi bu irsi və təbiəti birləşdirən marşrutu illərdir bələdçili yürüşlər və maarifləndirici tədbirlərlə tanıdır. Likya yolu yalnız tarix deyil, həm də coğrafi zənginlik təqdim edir. Çünki Keyt Klounun sözləri ilə desək: “Likya yolu hər addımda insana fərqli hisslər bəxş edir.” Bir anda əhəngdaşı üzərində yeriyirsiniz, növbəti anda isə hamar bir vulkanik səthlər üzərindən keçirsiniz. Bəzi hissələrdə isə mərmər parçaları günəş işığında parıldayır.

Marşrut bir gün ərzində dəniz səviyyəsindən təxminən min metr yüksəkliklərə qalxa bilir. Buranın yerli yürüyüşçülərindən olan 52 yaşlı Feyzullah Burucu belə deyir: “Səhər bu yolu üzərək başlayıb axşamı buludların üzərində bitirə bilərsiniz.”

Bəs insanlar niyə bu marşrutu seçir? 27 yaşlı tədqiqatçı Ayşə Betül Aytekin bunu belə izah edir: “Başlanğıcda tərəddüd edirdim. Bunu həqiqətən bacararıqmı deyə öz-özümə sual verirdim. Bizim marşrut 50 kilometrdən çox idi. Amma ən gözəl hiss bacara bildiyimizi anlamaq oldu.”

59 yaşlı həkim Özlem Uruk Hammond isə bildirir ki, Likya yolu təcrübəsi onun üçün tükənmişlikdən çıxış yolu olub. O, bunu belə ifadə edir: “Xəstəxanalar, laboratoriyalar və gecə iclasları arasında yaşayırdım. Mental olaraq tükənmişlik hissi yaşayırdım.”

İlk yürüşünü Ovacıqdan başlayaraq Ölüdənizin üzərində yerləşən Babadağa doğru etdiyini bildirən Ö.U.Hammond əlavə edərək deyir: “Kəklikotu və dəniz duzunun qoxusunu bir arada hiss edirsiniz. Buradakı qalıntılarla dəniz arasında həm ölümü, həm də yenidən dünyaya gəlməyi hiss edirsiniz.”

Kaş yaxınlığında təkcə bu bölgəyə xas olan Likya orkide çiçəyi ilə qarşılaşdığını deyən Ö.U.Hammond belə deyir: “O qədər incə və gözəl idi ki, şəkillərini çəkdim. Artıq bu foto-şəkildəki çiçək, mənim üçün bu yerin əhəmiyyətinin simvoludur.”

Feyzullah Burucu isə marşrut üzrə ilboyu yürüş edən biri kimi fərqli baxış təqdim edir. Diyarbakırda dünyaya gələn Feyzullah bəy uzun illər turizm sahəsində işlədikdən sonra Antalyaya köçüb.

Feyzullah Burucu deyir: “Mənim üçün yürüş demək olar ki, bir təmizlənmə şəklidir. İlk addımı atdığım anda hər şey silinir.”

Feyzullah Burucu Likya yolunu “dördü bir arada” kimi təsvir edir: “Tarix, dəniz, meşə və dağlar — mükəmməl bir birləşmədir. Çətin bir gündən sonra özünüzü daha yüngül hiss edirsiniz, düşüncələriniz aydınlaşır və anlayırsınız ki, həqiqi rahatlıq izdiham içərisində deyil.”

Feyzullah bəy buranı gəzməyə gələnlərə müraciət edərək deyir: “Təbiətə hörmət edin. Dünya bizim evimizdir. Evimizin ortasına zibil atmadığımız kimi, bu yollara da atmayaq. Likya yolunu gələcək nəsillərə miras kimi qorumaq lazımdır.”

Likya yolunda yürümək təkcə bir marşrut xətti üzrə yürüyüş etmək deyil, həm də bir növ həyat dərsi almaqdır. Bu yol göstərir ki, irs təkcə qorunan deyil, bu gün də yaşadılan bir dəyərdir.

Bu səyahət sizə həyatın mahiyyətini anlamağa kömək edir: səs-küydən uzaq, tələskənlik yox olur və nəyin həqiqətən vacib olduğu aydınlaşır. Bir çox yürüyüşçü geri döndükdən sonra dəyişdiyini deyir. Daha yüngül, daha tarazlı və həm keçmişlə, həm də özü ilə daha çox yaxınlıq hiss edir.

Sonda isə buraxılışımızı Keyt Klounun sözləri ilə yekunlaşdıraq: “Burada atılan hər addım bir iz buraxır. Ancaq torpaqda deyil, ruhunuzda.”

Fəthiyə ilə Antalya arasında dünyanın müxtəlif yerlərindən gələn insanlar bu həqiqəti kəşf etməyə davam edir. Bəlkə siz də bir gün bu unikal səyahətə qoşularsınız.

MƏNBƏ:TRT