Donald Tramp ABŞ-ın beynəlxalq təşkilatlardan çıxması barədə sərəncam imzaladı

Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib

By
Donald Tramp ABŞ-ın beynəlxalq təşkilatlardan çıxması barədə sərəncam imzaladı / Reuters

ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT agentlikləri də daxil olmaqla onlarla beynəlxalq təşkilatdan çıxması barədə sərəncam imzalayıb. Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.

Bəyanata görə, Tramp ABŞ-ın artıq milli maraqlara xidmət etmədiyi hesab edilən 66 beynəlxalq təşkilatdan çıxması ilə bağlı qərar verib. Həmin təşkilatlardan 35-i BMT-yə daxil olmayan qurumlar, 31-i isə BMT-nin agentlikləridir.

Ağ Ev təşkilatların adlarını açıqlamasa da, onların ABŞ-ın suverenliyi və iqtisadi gücü ilə ziddiyyət təşkil edən radikal iqlim siyasətlərini, qlobal idarəetmə mexanizmlərini və ideoloji proqramları dəstəklədiyini bildirib.

Qeyd olunub ki, bu qərar ABŞ-ın üzvü və ya tərəfdarı olduğu bütün beynəlxalq hökumətlərarası təşkilatların, konvensiyaların və sazişlərin geniş şəkildə nəzərdən keçirilməsindən sonra qəbul edilib. Məqsəd vergi ödəyicilərinin vəsaitlərinin ABŞ-ın prioritetlərinə önəm verməyən və ya qlobal problemlərin həllində nəticə göstərə bilməyən təşkilatlara yönəldilməsinə yol verməməkdir. Bildirilib ki, bu vəsaitlər daha səmərəli şəkildə istifadə olunacaq.

Xatırladaq ki, Donald Tramp prezidentliyinin ikinci ilində ABŞ-ın beynəlxalq öhdəliklərini kəskin şəkildə məhdudlaşdırmağa başlamışdı. O, ABŞ-ın BMT-yə ayırdığı büdcəni azaltmış, UNESCO-dan çıxmağa çalışmış və BMT İnsan Hüquqları Şurası ilə əlaqələri dayandırmışdı. Eyni zamanda, UNRWA-ya yardımları donduran Tramp, Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən ayrılmaq niyyətini də elan etmişdi.