Rusiya 1000 ukraynalı hərbçinin nəşini təhvil verib
Bu barədə məlumatı Ukrayna Müharibə Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Mərkəzi təsdiqləyib
Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin nəşlərinin növbəti mübadiləsi baş tutub. Rusiya tərəfi 1000 ukraynalı əsgərin nəşini qarşı tərəfə təhvil verib, rəsmi Kiyev isə öz növbəsində 41 rus hərbçisinin meyitini geri qaytarıb. Bu barədə məlumatı Ukrayna Müharibə Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Mərkəzi təsdiqləyib.
Ukrayna tərəfinin yaydığı rəsmi açıqlamada bildirilir ki, geri qaytarılan nəşlərin şəxsiyyəti müəyyən edildikdən sonra ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, 2022-ci ilin fevral ayından başlayan və artıq dördüncü ilinə qədəm qoyan bu müharibə dövründə tərəflər arasında həlak olanların mübadiləsi prosesi müntəzəm olaraq həyata keçirilir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin ötən ay verdiyi məlumata görə, təşkilat hər ay orta hesabla 1000-ə yaxın nəşin mübadiləsinə vasitəçilik edir. Bununla belə, hələ də minlərlə həlak olan şəxsin kimliyinin müəyyənləşdirilmədiyi vurğulanır.
Xatırladaq ki, İkinci Dünya Müharibəsindən bəri Avropanın ən qanlı münaqişəsi hesab olunan bu müharibə yüz minlərlə hərbçinin ölümünə, milyonlarla insanın yurd-yuvasından didərgin düşməsinə və ciddi mülki itkilərə səbəb olub.