Türkiyə DEAŞ-a qarşı mübarizədə koordinasiyalı yanaşmanın vacibliyini vurğulayıb
Türkiyə Ər-Riyadda keçirilən DEAŞ-a qarşı Beynəlxalq Koalisiyanın iclasında Suriyadakı terror təhdidlərinə qarşı koordinasiyalı yanaşmanın vacibliyini vurğulayıb
Türkiyə Ər-Riyadda keçirilən DEAŞ-a qarşı Beynəlxalq Koalisiyanın iclasında Suriyadakı terror təhdidlərinə qarşı koordinasiyalı yanaşmanın vacibliyini vurğulayıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda Türkiyəni təmsil edən xarici işlər nazirinin müavini, səfir Musa Kulaklıkaya rəsmi Ankaranın mövqeyini iştirakçıların diqqətinə çatdırıb. Kulaklıkaya Suriyada davam edən atəşkəs və inteqrasiya proseslərinin ölkənin ərazi bütövlüyü və birliyi çərçivəsində tamamlanmalı olduğunu vurğulayıb. O, bu prosesin Türkiyənin milli təhlükəsizlik prioritetləri ilə üst-üstə düşməsinin zəruriliyini qeyd edib.
Musa Kulaklıkaya çıxışında beynəlxalq koalisiyanı Suriyanın suverenliyini nəzərə almağa çağırıb. O, Suriyanın DEAŞ-a qarşı mübarizədə yeganə qanuni aktor kimi tanınmasının və ölkənin antiterror imkanlarının gücləndirilməsinin vacibliyini bildirib. M. Kulaklıkayanın sözlərinə görə, regionda davamlı sabitliyə yalnız inklüziv və əlaqələndirilmiş yanaşma ilə nail olmaq mümkündür.
DEAŞ-a qarşı Qlobal Koalisiya terror təşkilatını tamamilə zərərsizləşdirmək üçün beynəlxalq tərəfdaşların siyasi və hərbi səylərini əlaqələndirən əsas platformadır. Türkiyə bu platforma çərçivəsində terrorun bütün növlərinə qarşı mübarizədə qətiyyətli mövqeyini bir daha nümayiş etdirib.