Çin Qəzza ilə bağlı çağırış etdi

Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Qəzzada atəşkəsin təşviqi humanitar böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün son dərəcə vacibdir

/ Reuters

Çin beynəlxalq ictimaiyyəti Qəzzada atəşkəsin əldə olunması üçün təcili tədbirlər görməyə çağırıb və Fələstin dövlətinin tanınmasını dəstəkləyib.

Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Qəzzada atəşkəsin təşviqi humanitar böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün son dərəcə vacibdir. O, bu bəyanatı Pekində mərakeşli həmkarı Nasser Bourita ilə görüşü zamanı verib və beynəlxalq ictimaiyyəti Fələstindəki mövcud böhranın həlli üçün birləşməyə çağırıb.

Vanq Yi İsrailə təsiri olan ölkələri, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını və humanitar təşkilatları öz öhdəliklərini yerinə yetirməyə çağırıb. O, “Fələstinlilərin Fələstini idarə etməsi” prinsipinin həyata keçirilməsinin vacibliyini qeyd edərək Qəzza ilə işğal altındakı İordan çayının qərb sahilinin Fələstinin “təcrid olunmaz əraziləri” kimi tanınmasının zəruriliyini vurğulayıb.

Vanq Yi həmçinin qeyd edib ki, Fələstin xalqının istəklərinə hörmət edilməli və müharibədən sonrakı idarəçilik prosesində onların hüquqları qorunmalıdır.

Vanq Yi Fələstinin Birləşmiş Millətlər Təşkilatına üzvlüyünü dəstəklədiyini, iki dövlətli həllin irəliləyişini müdafiə etdiyini və bu prosesi pozan birtərəfli addımları rədd etdiyini bəyan edib. Qəzzada davam edən soyqırım xarakterli müharibə və bunun nəticəsində yaranan humanitar fəlakətlə bağlı dərin narahatlığını ifadə edən Vanq Yi İsrailin Qəzza şəhərini ələ keçirmək planlarını və işğal altındakı İordan çayının qərb sahilindəki ilhaq cəhdlərini tənqid edib. İsrailin dövlət olaraq mövcud olma haqqını dəstəkləyən Vanq Yi Fələstinin də eyni hüquqa malik olduğunu vurğulayaraq, ikili standartları rədd etdiyini, israillilərin və ərəblərin həyatının eyni dərəcədə dəyərli olduğunu və zorakılığa zorakılıqla cavab verməyin yalnız nifrəti artıracağını bildirib.