Pakistan və Əfqanıstan arasında danışıqların ikinci mərhələsi İstanbulda keçiriləcək

Türkiyə Pakistan və Əfqanıstan arasında danışıqların ikinci mərhələsinə ev sahibliyi edəcək

Pakistan və Əfqanıstan arasında danışıqların ikinci mərhələsi İstanbulda keçiriləcək / AP

Pakistan və Əfqanıstan arasında danışıqların ikinci mərhələsi İstanbulda keçiriləcək. Pakistan Xarici İşlər Nazirliyi və Əfqanıstan rəsmiləri görüşün oktyabrın 25-də baş tutacağını açıqlayıblar.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Andrabi İslamabadda jurnalistlərə açıqlamasında bildirib ki, görüşün məqsədi sərhədlərarası terrorizmin qarşısını almaq üçün konkret və yoxlanıla bilən monitorinq mexanizmi yaratmaqdır.

Andrabi deyib: “Biz 2025-ci il oktyabrın 19-da Qətərin Doha şəhərində Pakistan və Əfqanıstan arasında əldə edilən razılaşmanı regional sülh və sabitliyə nail olmaq üçün ilk addım kimi alqışlayırıq”.

Kabil administrasiyası da İstanbulda keçiriləcək görüşü təsdiqləyib.

Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, Əfqanıstan nümayəndə heyətinə daxili işlər nazirinin müavini Mövləvi Rəhmətullah Nəcib rəhbərlik edir. Mücahid “X” platformasında etdiyi paylaşımda qeyd edib ki, “Pakistanla bağlı qalan məsələlər görüşdə müzakirə olunacaq”. O, həmçinin Əfqanıstan nümayəndə heyətinin İstanbula yola düşdüyünü bildirib.

Qeyd edək ki, tərəflər günlərlə davam edən qanlı toqquşmalardan sonra ötən həftə Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlarda atəşkəs barədə razılığa gəliblər.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Andrabi dialoq prosesinin asanlaşdırılmasında “konstruktiv rollarına” görə Qətər və Türkiyəyə dərin minnətdarlığını bildirib.