ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs çağırışına yenidən veto qoydu
Rəsmi Vaşinqton bir daha veto hüququndan istifadə edərək, mühasirə altındakı Qəzzada atəşkəs çağırışının qarşısını alıb
Amerika Birləşmiş Ştatları Qəzzada “dərhal, qeyd-şərtsiz və daimi atəşkəs” tələb edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə bir daha veto qoyub. Bu səsvermə İsrailin Fələstin torpaqlarındakı qeyri-qanuni işğalını sona çatdırması üçün BMT tərəfindən müəyyən edilmiş müddəti qulaqardına vurması ilə eyni vaxta təsadüf edib.
Danimarka tərəfindən Təhlükəsizlik Şurasının 10 seçilmiş üzvü adından təqdim edilən qətnamə layihəsi 14 lehinə səslə qəbul olunub. Qətnamə layihəsində “İsrailin Qəzzadakı hərbi əməliyyatlarını genişləndirməyə davam etməsi və nəticədə mülki əhalinin çəkdiyi iztirabların dərinləşməsi” ilə bağlı ciddi narahatlıqlar ifadə olunub.
Bundan əlavə, İsrail hökuməti tərəfindən humanitar yardımın daxil olması və paylanmasına qoyulan məhdudiyyətləri dərhal və qeyd-şərtsiz aradan qaldırması tələb edilib. Bundan başqa, Qəzzada hər hansı demoqrafik və ya ərazi dəyişikliklərinə yönələn təşəbbüslərin qəbul edilmədiyi bəyan olunub.
ABŞ Qəzzadakı aclıqla bağlı BMT hesabatlarını qəbul etmir
Danimarkanın BMT-dəki nümayəndəsi Kristina Markus Lassen qəbul edilən qətnamənin üç təcili tələbə fokuslandığını bildirərək deyib: “Bu qərarın yeganə məqsədi oradaki insanların çəkdiyi əzab-əziyyətləri yüngülləşdirmək və bu dəhşətli müharibənin sona çatmasına töhfə verməkdir”.
Lakin ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus rəsmi Vaşinqtonun qətnaməyə qarşı çıxmasının təəccüblü olmayacağını bildirərək, qətnamə mətniylə razı qalmayıb. Belə ki, M.Ortaqus İsraili müdafiə edərək BMT-nin aclıqla bağlı hesabatlarını rədd edib.
Sənəddə BMT-nin dəstəklədiyi bir hesabatın Qəzzanın bəzi bölgələrində aclığın artıq başladığını və sentyabr ayının sonuna qədər Deyr əl-Bəlah və Xan Yunisə yayılacağının proqnozlaşdırıldığını təsdiqləməsi fonunda dərin narahatçılıq ifadə olunub. Sənəddə həmçinin mülki əhalinin aclığa məhkum edilməsinin müharibə silahı kimi istifadəsi qətiyyətlə pislənib. Bundan əlavə, “Həmas” və digər qruplar tərəfindən saxlanılan bütün girovların dərhal qeyd-şərtsiz azad edilməsi çağırışı təkrar edilib.
Qeyd edək ki, sentyabrın 18-də qəbul edilmiş qərar ABŞ-ın 2023-cü ilin oktyabrından bəri Qəzzada atəşkəs çağırışı edən Təhlükəsizlik Şurasının qətnamələrinə altıncı dəfə veto qoyması deməkdir.
Xatırladaq ki, İsrail ordusu 2023-cü ilin oktyabrından bəri Qəzzaya qarşı soyqırımı həyata keçirərək, beynəlxalq atəşkəs çağırışlarını qəbul etməyərək əsasən qadınlar və uşaqlar olmaqla təxminən 64 min fələstinlini qətlə yetirib. Həlak olanların arasında dağıdılmış evlərin qalıqları altında olduğu güman edilən təqribən 11 min fələstinli daha var.
Mütəxəssislər bildirirlər ki, Qəzza rəsmilərinin açıqladığı ölüm sayı əslində qeydə alınandan çox daha yüksək, təxminən 200 minə yaxındır. İsrail eyni zamanda Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə də üz-üzədir.