ÜTT: “Süni intellekt 2040-a qədər qlobal ticarəti 40% artıra bilər”

Lakin əhatəli siyasətlər olmadan iqtisadi uçurumların daha da dərinləşməsinin qaçınılmaz hal olduğu bildirilir

Süni intellekt (AI) / Reuters

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sentyabrın 17-də yayımladığı yeni hesabatda qeyd olunub ki, süni intellekt 2040-cı ilə qədər mal və xidmətlərin ticarət dəyərini təxminən 40 faiz artırmaq gücünə malikdir. Lakin eyni zamanda, kifayət qədər siyasi mexanizmlər qurulmadığı halda, bu proses mövcud iqtisadi bərabərsizlikləri daha da artıra bilər.

“Dünya Ticarət Hesabatı”na əsasən, daha aşağı ticarət xərcləri və artan məhsuldarlıq nəticəsində 2040-cı ilə qədər həm ticarət, həm də ümumi daxili məhsulda (ÜDM) əhəmiyyətli yüksəlişlər mümkündür. Müxtəlif ssenarilərə görə, qlobal ticarət 34–37 faiz arası, qlobal ÜDM isə 12–13 faiz həcmində arta bilər.

ÜTT baş direktorunun müavini Yohanna Hill çox tərəfli ticarət sistemindəki tendensiyaları təhlil edən illik hesabat barədə açıqlamasında deyib: “Süni intellekt getdikcə daha da mürəkkəbləşən ticarət mühitində ticarət üçün bir ümid işığı ola bilər.”

Y.Hill dünya ticarət sistemindəki mövcud dalğalanmalara diqqət çəkərək əlavə edib ki, süni intellekt qlobal iqtisadiyyatın və beynəlxalq ticarətin gələcəyini formalaşdırır, xərcləri azaltmaq və məhsuldarlığı artırmaq imkanlarına sahibdir.

Mərkəzi Cenevrədə yerləşən ÜTT-nin müəyyən etdiyi qlobal ticarət qaydaları isə bu il ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi bir sıra tariflər səbəbindən ciddi sarsıntı keçirib.

Son hesabatda vurğulanıb ki, süni intellekt bizneslərin logistika, tənzimləyici uyğunluq və kommunikasiya xərclərini azaltmaqda mühüm rol oynaya bilər.

 

Süni intellektə keçid prosesini diqqətlə idarə etmək

Hesabatda deyilir: “Süni intellekt dəstəklı tərcümə texnologiyaları kommunikasiya prosesini daha sürətli və daha əlçatan edə, xüsusilə kiçik istehsalçılara və pərakəndəçilərə qlobal bazarlara çıxış imkanı yarada bilər.”

Bildirilib ki, bu tip inkişaflar aşağı gəlirli ölkələrdə rəqəmsal infrastruktur gücləndirildiyi halda, ixracın 11 faizə qədər artmasına səbəb ola bilər.

Lakin sənəddə xəbərdarlıq edilir ki, hədəfli investisiyalar və inklüziv siyasətlər olmadıqda, süni intellekt mövcud bərabərsizlikləri daha da dərinləşdirə bilər: “Süni intellektin inkişafı və tətbiqi bir çox işçilərin, hətta bəzi iqtisadiyyatların geridə qalacağı ilə bağlı narahatlıqları artırır.”

ÜTT baş direktoru Nqozi Okonjo-İveala siyasətçilərin süni intellektə keçid prosesini diqqətlə idarə etməli olduqlarını bildirib.

Cenevrədə keçirilən təqdimat tədbirində çıxış edən N.Okonjo-İveala deyib: “Süni intellekt əmək bazarlarını alt-üst edə bilər, bəzi işləri dəyişdirərkən digərlərini tamamilə aradan qaldıra bilər. Bu dəyişiklikləri idarə etmək üçün isə təhsil, bacarıq inkişafı, yenidən təhsil və sosial müdafiə şəbəkələrinin gücləndirilməsini nəzərdə tutan daxili siyasətlərə ehtiyac var.”

ÜTT həmçinin qeyd edib ki, süni intellektin faydalarının daha geniş şəkildə paylaşılması üçün təşkilatın qaydaları ilə təmin edilən proqnozlaşdırıla bilən ticarət və yarımkeçiricilər kimi süni intellekt texnologiyaları üçün tələb olunan əsas xammallara tətbiq edilən aşağı tariflər xüsusi əhəmiyyət kəsb edir.

 

SOURCE: TRT