Yanvarın 1-də İstanbulda Qəzzaya dəstək mitinqi keçiriləcək

Qalata körpüsündə keçiriləcək aksiyada Qəzzaya dəstək və Yalovada şəhid olan polis əməkdaşlarının xatirəsi yad ediləcək

By
Yanvarın 1-də İstanbulda Qəzzaya dəstək mitinqi keçiriləcək / AA

Milli İradə Platformu çərçivəsində birləşən Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları ilə yanaşı, bəzi Türkiyənin futbol klubları yanvarın 1-də İstanbulun Qalata körpüsündə keçiriləcək mitinqə ictimaiyyəti Fələstində törədilən qırğına “dur” demək üçün iştirak etməyə çağırıb.

“Anadolu” agentliyinə danışan Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi (TURGEV) İdarə Heyətinin sədri Hatice Yılmaz bildirib ki, Fələstin məsələsi vətəndaş cəmiyyəti üçün əhəmiyyət kəsb edir.

Vətəndaş cəmiyyəti təşkilatlarının və ictimaiyyətin Fələstin üçün dəstək fəaliyyətinin vacibliyini vurğulayan H.Yılmaz qeyd edib ki, Türkiyə Fələstini ilk gündən bəri həm diplomatik müstəvidə, həm beynəlxalq platformalarda, həm də humanitar yardımlar vasitəsilə dəstəkləyir.

“Türkiyə Qəzza məsələsinin məsuliyyətini öz üzərinə götürüb. İsrail atəşkəs qaydalarına əməl etmir və hüquqi, eləcə də humanitar baxımdan saysız-hesabsız pozuntulara yol verir. Bu mərhələdə etiraz göstərmək son dərəcə vacibdir”, — deyə o bildirib.

Atəşkəs qərarından sonra Qərb ölkələrində kütləvi aksiyaların azaldığına diqqət çəkən H.Yılmaz əlavə olaraq deyib: “Avropa və Amerika Birləşmiş Ştatlarında ictimai nümayişlər demək olar ki, dayanıb. Bu sükutu pozmaq və diqqəti diri saxlamaq üçün yanvarın 1-də bir araya gələcəyik. Məqsədimiz Fələstinin unudulmamasını təmin etməkdir.”

H.Yılmaz bildirib ki, fərdi reaksiyalar və sosial media paylaşımları davam etsə də, Avropa və ABŞ-də kütləvi aksiyalar böyük ölçüdə dayanıb və müxtəlif ictimai təbəqələri əhatə edən nümayişlərin davam etdirilməsi vacibdir.

Yalovada DEAŞ terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı şəhid olan polis əməkdaşlarının ailələrinə başsağlığı verən, yaralananlara isə şəfa diləklərini çatdıran H.Yılmaz deyib: “Bütün vətəndaşlarımızı yanvarın 1-də Fələstinə dəstək vermək və şəhidlərimizi anmaq üçün Qalata körpüsündə birləşməyə dəvət edirəm.”

 

“Bu gün dünyada sülh və sabitlik üçün ən böyük təhdid İsraildir”

ÖNDER İmam Hatip Məktəbləri Dərnəyinin sədri Abdullah Ceylan bildirib ki, “yanvarın 1-i çağırışı” təkcə Fələstin və ya Qəzza ilə məhdudlaşmır, daha çox ümumi bir məna daşıyır.

Onun sözlərinə görə, bu çağırış “dünyada sülh, qlobal qardaşlıq və harmoniya” naminə bütün bəşəriyyətə ünvanlanıb.

“Geriyə baxdıqda, bu gün dünyada sülh və sabitlik üçün ən böyük təhdidin İsrail olduğu açıq-aydın görünür”, — deyə A.Ceylan vurğulayıb.

2025-ci ilin sonuna gəlindiyini, qurumların və dövlətlərin illik hesabatlar hazırladığını xatırladan A.Ceylan bildirib: “İsrailin 2025-ci il illiyində nələr yer alardı, bir düşünün. İnsanlığa və ya dünya sülhünə töhfə verən bircə bənd varmı? Qətiyyən yoxdur. İsrailin 2025-ci il illiyində ancaq günahsız insanların öldürülməsi, uşaqların çadırlarda yandırılması, milyonların yerindən didərgin salınması, on minlərin qətlə yetirilməsi və ölkələrə hücumlar yer alar. O illikdə ancaq qan, göz yaşı və zülm var.”

A.Ceylan Fələstində baş verənlərin təxminən bir əsrdir davam edən işğal və soyqırım siyasətinin nəticəsi olduğunu, bu prosesin son iki ildə dünyanın gözü önündə davam etdiyini qeyd edib.

Bu çağırışın təkcə Fələstin və Qəzza ilə maraqlananlarla məhdudlaşmadığını bildirən A.Ceylan deyib ki, bu çağırış övladlarının gələcəyi üçün narahat olan valideynləri, təhsil işçilərini, jurnalistləri, hüquqşünasları və həkimləri də əhatə edir.

“Biz dünyanın ən böyük xərçəng hüceyrəsi ilə mübarizə aparırıq və bu dayandırılmalıdır”, — deyə o vurğulayıb.

A.Ceylan beynəlxalq qurumların səssizliyini də tənqid edərək bildirib ki, İsrail atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir, beynəlxalq sistem iflasa uğrayıb və təminatçı ölkələr arasında təkcə Türkiyə etiraz mövqeyi sərgiləyir.

“İlim Yayma Cəmiyyəti”nin sədri Yusuf Tülün isə yürüşün Fələstinlə bağlı ictimai diqqəti yenidən gücləndirmək məqsədilə üçüncü dəfə təşkil ediləcəyini bildirib. O qeyd edib ki, yanvarın 1-də Qalatada olmaq insani və mənəvi borcdur. İştirakçıların Qəzzaya dəstək üçün toplaşacağını, fələstinlilərin azadlığına çağırış edəcəyini, şəhidlərin xatirəsini anacağını və terroru qınayacağını əlavə edib.

 

Türkiyənin futbol klubları azarkeşləri İstanbul mitinqinə çağırır

Türkiyənin futbol klubları da İstanbul mitinqinə dəstək verib, bəzi klub rəhbərləri azarkeşləri aksiyaya qatılmağa çağırıb.

“Qalatasaray” klubunun prezidenti Dursun Özbek Qəzzada baş verənləri “bəşəriyyət üçün vicdan sınağı” kimi qiymətləndirib.

D.Özbek “X” sosial media platformasında paylaşdığı video müraciətdə deyib: “Bu sükuta halına vərdiş etməyəcəyik. Zülmə qarşı çiyin-çiyinə dayanaraq insanlıq naminə eyni mövqedə birləşirik. Yanvarın 1-i səhər saatlarında məzlumların səsi olmaq üçün Qalata körpüsündə olacağıq.”

“Trabzonspor” klubunun prezidenti Ertuğrul Doğan da azarkeşləri tədbirə qatılmağa çağıraraq, Milli İradə Platformu tərəfindən təşkil edilən aksiyanın “sadəcə yürüş deyil, bir mövqe nümayişi” olduğunu bildirib.

E.Doğan 10 oktyabr atəşkəsinin dəfələrlə pozulduğunu xatırladaraq deyib: “Atəşkəs dedilər, amma Qəzzada səhərlər hələ də bombalarla açılır. Trabzonspor komandası zülmə qarşı məzlumların yanındadır.”

“Beşiktaş” klubunun prezidenti Serdar Adalı da video müraciətində “Fələstində qan və göz yaşı hələ də dayanmayıb” deyərək zorakılığa qarşı birlik çağırışını təkrarlayıb.

“Fənərbağça”, “Başakşehir”, “Konyaspor”, “Kayserispor” və “Gaziantep FK” kimi digər “Super Liqa” klubları da sosial şəbəkələrdə yaydıqları açıqlamalarla mitinqə dəstək verdiklərini və ictimaiyyəti iştiraka çağırdıqlarını bəyan ediblər.

Bir neçə digər idman klubu da yürüşə dəstək çağırışı ilə çıxış edib.