Türkiyə XİN İsrailin Azadlıq Donanmasına müdaxiləsini “dəniz quldurluğu” adlandırdı

Rəsmi Ankara hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirdi

Türkiyə XİN İsrailin Azadlıq Donanmasına müdaxiləsini “dəniz quldurluğu” adlandırdı / TRT World

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya humanitar yardım çatdırmağa çalışan gəmilərə qarşı müdaxiləsini “dəniz quldurluğu” və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Nazirliyin bəyanatında deyilir: “Bu hücumların Qəzzada atəşkəsə nail olmaq səylərini pozmamasını ümid edirik”.

Türkiyə Xarici İşlər Nazirliyinin oktyabrın 8-də (bu gün) yaydığı açıqlamada bildirilir ki, aralarında Türkiyə vətəndaşları və millət vəkillərinin də olduğu Azadlıq Donanmasına edilən hücum İsrail hökumətinin bütün sülh təşəbbüslərini hədəf aldığını, bölgədə gərginliyi artırdığını və sülh cəhdlərinə zərbə vurduğunu göstərir.

Rəsmi Ankara bildirib ki, Türkiyə vətəndaşlarının azad olunması üçün bütün vasitələr işə salınıb. Xarici İşlər Nazirliyi həmçinin digər ölkələrin vətəndaşları ilə bağlı da koordinasiyanın aparıldığını açıqlayıb.

Məlumatda qeyd olunub ki, İsrail ərzaq və dərmanlar daxil olmaqla Qəzzaya bütün yardım girişlərini əngəlləyərək, insan haqları təşkilatları və hökumətlərin “aclıq” kimi qiymətləndirdiyi vəziyyətə səbəb olub.

Qeyd edək ki, Azadlıq Donanması İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmağa çalışır və Tel-Əviv rəhbərliyinin soyqırım siyasətinə etiraz olaraq yükləri İsrail limanlarında boşaltmaqdan imtina edir.