Bazarlar çökdü: Trampın İrana 48 saatlıq ultimatumundan sonra neft qiymətləri yüksəldi

Tramp İrana Hörmüz boğazını yenidən açması üçün 48 saat vaxt verib, əks halda enerji infrastrukturuna qarşı hücumlarla üzləşəcəyini bildirib

By
Bu arxiv fotosunda Tokio broker şirkətinin qarşısında Asiya ölkələrinin səhm indeks qiymətlərini əks etdirən elektron ekran / Reuters

Tramp İrana Hörmüz boğazını yenidən açması üçün 48 saat vaxt verib, əks halda enerji infrastrukturuna qarşı hücumlarla üzləşəcəyini bildirib. Tehran isə Trampın təhdidini reallaşdıracağı təqdirdə boğazın “tamamilə bağlanacağı” xəbərdarlığını edib.

ABŞ prezidenti Donald Tramp və İran liderlərinin kritik Hörmüz boğazı üzərindən qarşılıqlı təhdidlər səsləndirməsi və İsrailin Yaxın Şərqdəki müharibənin daha bir neçə həftə davam edə biləcəyini açıqlaması ilə birgə birjalar kəskin düşüb, neft qiymətləri isə yüksəlib.

Münaqişənin dördüncü həftəsinə daxil olması və sona çatacağına dair heç bir əlamətin görünməməsi fonunda, Beynəlxalq Enerji Agentliyinin rəhbəri onilliklər ərzində görülən ən pis qlobal enerji böhranı barədə xəbərdarlıq edərək, dünya iqtisadiyyatının “ciddi təhdid” altında olduğunu deyib.

Digər tərəfdən, müşahidəçilər mərkəzi bankları faiz dərəcələrini artırmağa məcbur edə biləcək inflyasiya dalğası ehtimalını dilə gətirərkən, gübrə daşımalarının kəsilməsi də qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Gərginliyin yüksəlməsi səhm bazarlarına zərbə vurub, müharibə başlamazdan əvvəl ən yaxşı göstəricilərə malik olan Seul və Tokio birjaları bir məqamda müvafiq olaraq 6% və 5%-ə çatan itkilərlə satışların mərkəzində yer alıb.

Honkonq 3%-dən çox dəyər itirərkən, Şanxay, Taybey və Manila 2%-dən çox geriləyib. Sidney, Sinqapur və Vellinqton birjaları da dərin mənfi istiqamətdə irəliləyir.

Cənubi Koreya pul vahidi “won” dollar qarşısında 1510 səviyyəsinə düşərək 2009-cu ildən bəri ən aşağı həddi görüb. Neft qiymətləri isə yuxarı doğru hərəkət edərək "Brent" markalı neftin 112 dollar civarında, ABŞ-nin yüngül xam neftinin (WTI) isə 100 dolların bir qədər aşağısında olmasına gətirib çıxarıb.

Hörmüz dalanı dərinləşir

ABŞ prezidenti martın 21-də İrana Hörmüz boğazını dəniz nəqliyyatı üçün yenidən açmağa 48 saat vaxt verib; əks halda enerji infrastrukturunun məhv edilməsi ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib.

ABŞ liderinin hərbi hücumları "azaltmağı" düşündüyünü söyləməsindən cəmi bir gün sonra gələn bu ultimatum qlobal neft və qaz axınının beşdə birinin keçdiyi su yolunun faktiki olaraq qapalı qaldığı bir vaxtda verilib.

Tramp "Truth Social" vasitəsilə etdiyi paylaşımda Tehranın boğazı 48 saat ərzində, belə ki, paylaşım saatına görə bu gün (23 mart 2026) GMT 23:44-ə qədər tamamilə açmayacağı təqdirdə, ABŞ-nin İrandakı elektrik stansiyalarını "ən böyüyündən başlayaraq vurub yerlə-yeksan edəcəyini" yazıb.

Bu addım Trampın Vaşinqtonun üstünlüyə malik olduğunu deyərək atəşkəs razılaşmasını rədd etməsindən bir gün sonra baş verib.

İran isə Trampın təhdidini reallaşdıracağı təqdirdə Hörmüzün “tamamilə bağlanacağı” xəbərdarlığını edib.

Bundan əlavə, Məclis sədri Məhəmməd Baqir Qalibaf Tehranın infrastrukturunun vurulacağı təqdirdə bölgə daxilindəki həyati əhəmiyyətli infrastrukturu geri dönülməz şəkildə məhv etməklə təhdid edib və bunun neft qiymətlərinin “uzun müddət” yüksək qalmasına səbəb olacağını bildirib.

Son gərginlik İsrail ordusunun Livanda Hizbullaha qarşı quru hücumunu genişləndirəcəyini elan etməsi ilə daha da dərinləşib; İsrail rəsmisi ölkənin İran və Hizbullaha qarşı daha "həftələrlə" müharibə vəziyyətində olacağını ifadə edib.