Səkkiz ölkə İsrailin Ramazan ayında Əl-Əqsa məscidinə tətbiq etdiyi məhdudiyyətləri pisləyib
Türkiyə və digər yeddi ölkə İsrailin Ramazan ayında Əl-Əqsa məscidinə girişə tətbiq etdiyi məhdudiyyətləri kəskin pisləyərək, bu qadağaların dərhal aradan qaldırılmasını tələb ediblər
Türkiyə və digər yeddi ölkə İsrailin Ramazan ayında Əl-Əqsa məscidinə girişə tətbiq etdiyi məhdudiyyətləri kəskin pisləyərək, bu qadağaların dərhal aradan qaldırılmasını tələb ediblər.
Martın 11-də yayımlanan birgə bəyanatda Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin xarici işlər nazirləri işğal altındakı Şərqi Qüdsün Köhnə şəhər hissəsində dindarların hüquqlarının pozulmasını tənqid ediblər.
Nazirlər vurğulayıblar ki, müqəddəs yerlərə girişi məhdudlaşdıran təhlükəsizlik tədbirləri həm beynəlxalq humanitar hüququn, həm də dini məkanların tarixi və hüquqi status-kvosunun "açıq-aşkar pozulması"dır.
Bəyanatda beynəlxalq ictimaiyyətə İsrailin müqəddəs məkanlara qarşı hərəkətlərini dayandırmaq üçün Təl-Əvivə təzyiq göstərmək çağırışı edilib.
Diplomatlar həmçinin İsrailin Şərqi Qüds və ya oradakı dini yerlər üzərində heç bir suverenliyinin olmadığını xatırladıblar.
Təxminən 144 hektar ərazini əhatə edən kompleksin yalnız müsəlmanlara məxsus ibadət yeri olduğu və müqəddəs ərazinin idarəçiliyinin İordaniya Vəqflər İdarəsinin səlahiyyətində olduğu bir daha vurğulanıb.
Nazirlər işğalçı İsrail dövlətini Əl-Əqsa məscidinin qapılarını dərhal açmağa və dindarların sərbəst ibadətinə mane olmamağa çağırıblar.