NASA “Artemis II” missiyasına hazırlaşır

Dörd astronavt Ayın uzaq tərəflərinə səyahət etməyə hazırlaşır

By
NASA “Artemis II” missiyasına hazırlaşır / Reuters

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) texniki nasazlıqlardan sonra “Artemis II” missiyasını yenidən buraxılışa hazırlayır. Bu missiya 1972-ci ildən bəri həyata keçiriləcək ilk insanlı Ay uçuşu olacaq.

Uçuş maye hidrogen sızmaları səbəbindən mart ayına təxirə salınmışdı. İki həftə əvvəl keçirilən yanacaq doldurma testi də oxşar problemə görə dayandırılmışdı. NASA mütəxəssisləri Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzində raketin sızdırmazlıq elementlərini və filtr sistemini dəyişdirərək nasazlığı aradan qaldırıblar. Hazırda raketin yanacaq çənlərinin doldurulması üzrə həlledici sınaq mərhələsi davam edir.

Məlumata görə, buraxılış tarixinin dəqiqləşməsi bu testin sızma olmadan tamamlanmasından asılıdır. “Space Launch System” (SLS) daşıyıcı raketinin ən erkən start tarixi 6 mart kimi göstərilir.

“Artemis II” dörd astronavtı Ayın arxa tərəfi ətrafında orbit uçuşuna aparacaq. Missiya Ay səthinə enişi nəzərdə tutmur. Bununla belə, ekipajın 1970-ci ildəki “Apollo 13” missiyasının məsafə rekordunu yeniləyəcəyi gözlənilir.

Qeyd edək ki, nəzərdə tutulan uçuş 10 gün davam edəcək. Missiyada Reid Uayzman, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen iştirak edəcək.

Bu missiyadan sonra növbəti mərhələ “Artemis III” olacaq. Həmin proqram çərçivəsində 2027-ci ildən tez olmamaq şərti ilə Ay səthinə yenidən insan endirilməsi planlaşdırılır.