V.Putin Rusiyanın Ukraynada qələbə qazanacağını bildirib
Rusiya başçısı V.Putin xalqa müraciəti zamanı Rusiya döyüşçülərini və komandirlərini tərifləyib
Rusiya prezidenti Vladimir Putin yeni il gecəsi ilə bağlı televiziya müraciətində münaqişənin dördüncü ilinə yaxınlaşdığı bir vaxtda ölkəsinin Ukraynada qələbə qazanacağına inandığını bildirib.
Dekabrın 31-də yayımlanan çıxışında V.Putin Rusiya xalqını Ukraynada döyüşən əsgərləri dəstəkləməyə çağıraraq, “Sizə və qələbəmizə inanırıq” ifadələrini işlədib.
V.Putinin ənənəvi yeni il müraciəti ilk olaraq Rusiyanın 2026-cı ilə daxil olan ilk bölgəsi olan uzaq şərqdəki Kamçatka yarımadasında efirə verilib.
Ukraynada döyüşən “döyüşçülərə və komandirlərə” yeni il təbriklərini çatdıran V.Putin deyib: “İnanın mənə, Rusiyanın dörd bir yanında milyonlarla insan sizi düşünür.”
Qeyd edək ki, Ukraynadakı münaqişənin humanitar baxımdan bədəli son dərəcə ağır olub. Hər iki tərəfdən həlak olan hərbçilərin sayının on minlərlə, hətta yüz minlərlə olduğu ifadə edilir.
Xatırladaq ki, 31 dekabr tarixi V.Putinin hakimiyyətə gəlişinin 26-cı ildönümünə təsadüf edir.
1999-cu il yeni il gecəsi Boris Yeltsinin istefa verməsindən sonra Vladimir Putin Rusiya prezidenti olub.
Sovet lideri Leonid Brejnev tərəfindən əsası qoyulan və bu gün də davam etdirilən televiziya yeni il müraciəti Rusiyada bayramların ayrılmaz hissəsi sayılır və milyonlarla evdə izlənilir.
Çıxış Rusiyanın yerləşdiyi 11 vaxt qurşağının hər birində gecə yarısından az əvvəl dövlət televiziyası vasitəsilə yayımlanır.