Suriya DEAŞ-a qarşı hərbi əməliyyatları genişləndirəcəyini açıqladı
Suriya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda DEAŞ-la mübarizəni davam etdirəcəyini və ölkənin ekstremistlər üçün sığınacaq olmamasını təmin edəcəyini bir daha vurğulayıb
Suriya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda DEAŞ-la mübarizəni davam etdirəcəyini və ölkənin ekstremistlər üçün sığınacaq olmamasını təmin edəcəyini bir daha vurğulayıb.
Nazirliyin rəsmi “X” səhifəsində edilən paylaşımda bildirilir ki, Suriya DEAŞ-ın təhlükə yaratdığı bütün ərazilərdə hərbi əməliyyatları genişləndirməyə davam edəcək.
Paylaşımda ABŞ və beynəlxalq koalisiyanın digər üzvləri Suriyanın terrora qarşı mübarizəsini dəstəkləməyə çağırılır. Paylaşımda həmçinin bildirilib ki, bu əməkdaşlıq həm mülki şəxslərin qorunmasına, həm də ölkədə və daha geniş regionda təhlükəsizlik və sabitliyin bərpasına kömək edəcək.
Suriya XİN bu bəyanatı ABŞ-ın 13 dekabrda Suriyanın Palmira şəhəri yaxınlığında Amerika qoşunlarına qarşı hücuma cavab olaraq Suriyada hərbi əməliyyat başlatmasından bir neçə saat sonra yayımlayıb.
Suriya monitorinq təşkilatının yaydığı məlumatda ABŞ-ın gecə radələrində həyata keçirdiyi hücum nəticəsində ən azı beş DEAŞ silahlısının öldürüldüyü bildirilib.
Vaşinqton isə UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Palmiraya şəhəri yaxınlığında törədilən hücumun bir silahlı tətəfindən həyata keçirildiyini açıqlayıb. Hücum nəticəsində iki ABŞ əsgəri və bir mülki şəxsin öldüyü qeyd olunub.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı açıqlamada Suriyanın mərkəzindəki bir çox əraziyə ağır zərbələrin endirildiyi vurğulanıb.