BMT Baş katibi İran hakimiyyətini təmkinli olmağa çağırdı

BMT-nin Baş katibi Antonio Quterreş İran hakimiyyətini etirazlara cavab olaraq "maksimum təmkin" göstərməyə, "lazımsız və ya qeyri-mütənasib" güc tətbiqindən çəkinməyə çağırıb

By
BMT Baş katibi İran hakimiyyətini təmkinli olmağa çağırdı / Reuters

BMT-nin Baş katibi Antonio Quterreş İran hakimiyyətini etirazlara cavab olaraq "maksimum təmkin" göstərməyə, "lazımsız və ya qeyri-mütənasib" güc tətbiqindən çəkinməyə çağırıb.

Baş katibin sözçüsü Stefan Dujarrik bildirib ki, Quterreş dinc nümayişçilərə qarşı zorakılıq və çoxsaylı ölüm xəbərlərindən sarsılıb. Quterreş iranlıların öz şikayətlərini qorxmadan, dinc şəkildə ifadə etməli olduqlarını, beynəlxalq hüquqla qorunan ifadə, birləşmək və toplaşmaq azadlıqlarına tam hörmət edilməsinin vacibliyini vurğulayıb.

Baş katib həmçinin informasiyaya çıxışın təmin olunmasına və rabitə xidmətlərinin bərpasına çağırış edib. "NetBlocks" monitorinq qrupunun yanvarın 11-də yaydığı məlumata görə, ölkə üzrə internet kəsintiləri artıq dördüncü gününə keçib və ölkə 72 saatdan çoxdur internetsiz qalıb.

İqtisadi vəziyyətin pisləşməsi səbəbindən dekabrın 28-də Tehranda başlayan və digər şəhərlərə yayılan etirazlarla bağlı rəsmi rəqəmlər açıqlanmasa da, "HRANA" təşkilatı 490 etirazçının və 48 təhlükəsizlik işçisinin öldüyünü, 10 600-dən çox insanın isə saxlanıldığını bildirib.