Çinin XİN rəhbəri: "Heç bir ölkə dünyanın hakimi deyil"

Çinin xarici işlər naziri Vanq Yi Pekində pakistanlı həmkarı İshaq Dar ilə keçirdiyi görüşdə Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasına münasibət bildirib

By
Çinin XİN rəhbəri: "Heç bir ölkə dünyanın hakimi deyil" / AP

Çinin xarici işlər naziri Vanq Yi Pekində pakistanlı həmkarı İshaq Dar ilə keçirdiyi görüşdə Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasına münasibət bildirib. O, Çinin heç bir ölkənin ‘‘dünyanın hakimi” kimi davranmasını qəbul etmədiyini vurğulayaraq bütün dövlətlərin suverenliyi və təhlükəsizliyinin beynəlxalq hüquq çərçivəsində qorunmalı olduğunu qeyd edib.

Yanvarın 3-də 63 yaşlı Nikolas Maduronun gözləri bağlı və qandallı vəziyyətdə fotolarının yayılması Venesuela ictimaiyyətində ciddi narahatlıq yaradıb. Maduronun yanvarın 5-də məhkəmə qarşısına çıxarılması planlaşdırılır. Maduronun saxlanılması Pekin və Karakas arasında 2023-cü ildə imzalanmış “hər cür şəraitdə hərtərəfli strateji tərəfdaşlıq” münasibətləri üçün ciddi sınaq kimi qiymətləndirilir. ABŞ prezidenti Donald Trampın Vaşinqtonun hələlik Venesuela hökumətini izləməklə kifayətlənəcəyi ilə bağlı açıqlamaları diqqət mərkəzindədir.

Məlumata görə, Maduro saxlanılmasından bir neçə saat əvvəl Çinin Latın Amerikası və Karib hövzəsi üzrə xüsusi nümayəndəsi Qiu Syaotsi ilə görüşüb. Çin rəsmiləri bu hadisənin Pekin üçün böyük zərbə olduğunu və Venesuelanın etibarlı dostu kimi görünmək istədiklərini bildiriblər. Qeyd edək ki, Çin 2017-ci ildən etibarən sanksiyalara məruz qalan Venesuelaya iqtisadi dəstək göstərib və 2024-cü ildə bu ölkədən təxminən 1,6 milyard ABŞ dolları dəyərində mal idxal edib.