Misir, Qətər, Türkiyə və ABŞ Qəzzada atəşkəsin təmin olunmasına dair razılaşmanı imzaladı
Sənəd oktyabrın 14-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən beynəlxalq sammit zamanı imzalanıb
Misir, Qətər, Türkiyə və ABŞ Qəzzada atəşkəsin təmin olunmasına dair razılaşmanı imzalayıblar. Sənəd oktyabrın 14-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən beynəlxalq sammit zamanı imzalanıb.
ABŞ prezidenti Donald Tramp İsrail və “Həmas” arasında həyata keçirilən əsir mübadiləsindən bir neçə saat sonra Qəzza zolağında atəşkəsin təmin olunmasına dair bəyannamənin imzalanmasını “Yaxın Şərq üçün böyük gün” kimi qiymətləndirib.
Sammitdə iştirak edən liderlərin qarşısında çıxış edən Donald Tramp deyib:
“Bu, dünya üçün böyük bir gündür, Yaxın Şərq üçün isə möhtəşəm bir gündür. Bu sənəd qaydaları, tənzimləmələri və bir çox başqa məsələləri müəyyən edəcək və qüvvədə qalacaq.”
Qəzzanın yenidənqurulması konfransı
Misir yaxın vaxtlarda Qəzzanın yenidən qurulması və inkişafı üzrə beynəlxalq konfrans keçirməyi planlaşdırır.
Bu sözləri Misir prezidenti Əbdülfəttah əs-Sisi Şarm əl-Şeyxdə keçirilən Sülh Sammitində bildirib.
“Yaxın günlərdə Misir Qəzzanın yenidən qurulmasının təməlini qoymaq üçün tərəfdaşlarla, xüsusən də ABŞ-la koordinasiyalı şəkildə işləyəcək və biz bərpa, yenidənqurma və inkişaf mövzusunda konfransa ev sahibliyi etməyi planlaşdırırıq,” – deyə Misir prezidenti qeyd edib.
Sisi həmçinin bildirib ki, bu razılaşma bəşər tarixində ağrılı bir səhifəni bağlayır və Yaxın Şərq üçün sülh və sabitliyin yeni dövrünü açır.
O, əlavə edib ki, bu saziş iki dövlətli həll üçün zəmin yaradan “tarixi gün”dür.