Türkiyə Qəzzada atəşkəsin təmin olunması üzrə razılaşmanı alqışladı

Bu barәdә Türkiyә Xarici İşlәr Nazirliyinin yaydığı bәyanatda bildirilib

Türkiyə Qəzzada atəşkəsin təmin olunması üzrə razılaşmanı alqışladı / AA

Türkiyə Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin təmin olunmasına dair razılaşmanın əldə olunmasını alqışlayıb və bunun son iki ildir davam edən soyqırıma son qoyacağına ümid etdiyini bildirib.

Nazirlikdən verilən açıqlamada atəşkəs razılaşmasının tam şəkildə yerinə yetiriləcəyinə dair gözləntilər ifadə olunub. ‘‘Atəşkəs ilə Qəzzaya humanitar yardımların çatdırılması və onun yenidən qurulması üçün ən qısa zamanda işlərə başlanması vacibdir. Qarşıdakı dövrdə Türkiyə Qəzzaya əhəmiyyətli humanitar yardım göstərməyə davam edəcək’’,-deyə bəyanatda deyilir.

Yaxın Şərqdə davamlı sülhün ancaq İsrail-Fələstin probleminin ədalətli həlli ilə mümkün olacağı vurğulanıb. Bəyanatda deyilir: “Ümid edirik ki, atəşkəs danışıqlarında əldə edilən irəliləyiş qarşıdakı dövrdə iki dövlətli həllin həyata keçirilməsinə də töhfə verəcək. Qətər, Misir və ABŞ-ın atəşkəs danışıqlarındakı səylərini yüksək qiymətləndiririk’’.

Trampın atəşkəs planı

ABŞ prezidenti Donald Tramp İsrail və ‘‘Həmas’’ın ABŞ-ın təklif etdiyi planın birinci mərhələsini qəbul etdiyini açıqlayıb.

İlk dəfə sentyabrın 29-da təqdim edilən 20 bəndlik plana fələstinli məhbuslar müqabilində bütün israilli əsirlərin azad edilməsi, atəşkəs, ‘‘Həmas’’ın tərksilah edilməsi və Qəzzanın yenidən qurulması daxildir.

2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla təxminən 67,200 fələstinli həyatını itirib.

Aramsız bombardmanlar Qəzzanı demək olar ki, yaşayış üçün yararsız hala salıb.